Avropa İttifaqı (Aİ) 12 milyard avro dəyərində Qlobal Keçid İnvestisiya Paketini elan edib.
Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Birinci Mərkəzi Asiya – Avropa İttifaqı sammitində bildirib.
O qeyd edib ki, Aİ və Mərkəzi Asiya ölkələri nəqliyyat dəhlizi, xammallar, təmiz enerji və rəqəmsal bağlantı kimi prioritet sahələrdə çox şeyə nail ola bilər:
“Məhz irəliləyişi sürətləndirmək üçün bu gün mən qürurla 12 milyard avro dəyərində Qlobal Keçid İnvestisiya Paketini elan edirəm. Bu, Avropa İttifaqı və üzv dövlətlərdən investisiyaları bir araya gətirəcək. Biz buna Avropa komandası yanaşması deyirik və bu, Mərkəzi Asiyaya yeni layihələr xətti başladacaq”.
AK Prezidenti vurğulayıb ki, hazırkı sammit münasibətlərdə yeni bir fəsil açır:
“Bu gün biz strateji tərəfdaşlıq başladırıq. Bu tərəfdaşlıq göstərir ki, siz Aİ-yə güvənə bilərsiniz. Birlikdə işləyərək biz hər iki regionumuza fayda verən daha sıx əlaqələr qura bilərik. Bu il keçiriləcək daha iki forum irəliləyişi qiymətləndirmək üçün fürsət olacaq və əməkdaşlığın yeni sahələri araşdırılacaq”.