Avropa İttifaqı (Aİ) Nikaraquanın Brüsseldəki səfirini arzuolunmaz şəxs (persona-non-qrata) elan edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndənin (Josep Borrel) təşəbbüsü ilə şura Nikaraqua Respublikasının Avropa İttifaqı yanında missiyasının rəhbərinin persona non-qrata elan edilməsi barədə qərar qəbul edib”, – məlumatda deyilir.
Xatırladaq ki, Brüssel və Manaqua arasında çəkişmə sentyabrın sonunda Aİ-nin BMT-dəki nümayəndə heyəti Nikaraquadan siyasi məhbusların azad olunmasını və ölkədə demokratiyanın bərpasını tələb edəndə daha da artıb. Latın Amerikası respublikası bu tələbə cavab olaraq Aİ-nin bu ölkədəki səfirini persona-non-qrata elan edib.