1 C
Baku
Monday, February 24, 2025

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq edib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq edib. Sanksiya siyahısına 48 fiziki şəxs və 35 təşkilat daxildir. Bundan əlavə, Aİ-nin xarici işlər nazirləri daha 13 Rusiya bankını SWIFT sistemindən ayırmaq qərarına gəliblər. Sanksiyalar çərçivəsində Aİ Rusiyanın 8 media orqanının Avropada yayımını qadağan edib.

Həmçinin Aİ Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla 53 şirkəti qara siyahıya salıb. Eyni zamanda, Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.

Bunlardan əlavə 16-cı sanksiyalar paketi özündə aşağıdakıları ehtiva edir:

– tikinti xidmətlərinin, o cümlədən mülki mühəndislik xidmətlərinin göstərilməsinin qadağan edilməsi;

– malların və texnologiyaların ixracına məhdudiyyətlər. Buraya neft və qaz kəşfiyyatı ilə bağlı proqram təminatı daxildir;

– Avropa şirkətlərinin Rusiyanın bir neçə limanı ilə əməliyyatlar aparmasına qadağa;

– dronlar üçün istifadə oluna bilən oyun konsollarının, joystiklərin və uçuş simulyatorlarının satışına məhdudiyyətlər;

– Rusiyadan kənarda kredit və maliyyə qurumlarına Rusiya Mərkəzi Bankının yaratdığı “Maliyyə Mesajlarının Ötürülməsi Sistemi”nin istifadəsindən qadağa.

Qeyd olunur ki, Rusiyaya qarşı 16-cı sanksiyalar paketinin tətbiqi Ukraynada müharibənin başlanmasının üçüncü ildönümünə təsadüf edib.

Son xəbərlər
Digər xəbərlər