“Türkiyə Aİ ilə danışıqları yenidən başlamaq istəyir və ölkə Avropa gündəmini və bizimlə bağlı siyasi yanaşmanı daha üst səviyyəyə qoymaq istəyir”.
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
Aİ diplomatı bildirib ki, blokun xarici işlər nazirləri Türkiyənin bu çağırışına necə cavab verməyi müzakirə etməlidir.
“Bilirsiniz, Ukraynanın Aİ-yə üzvlüklə bağlı namizədlik statusu bizim qonşuluğumuzda yeni dinamika yaradıb. Ukraynanın namizədliyi bütöv Balkanlarda bu prosesi sürətləndirəcək və təbii ki, Türkiyə də bu oyunda iştirak etmək istəyir”, – Borrel qeyd edib.
Ali Nümayəndə əlavə edib ki, Aİ ilk olaraq Gömrük İttifaqının modernləşdirilməsinə və həmçinin Türkiyə ilə viza liberallaşması məsələsinə baxacaq.