Dekabrın 14-15-də keçiriləcək Aİ-nin qarşıdan gələn sammitində Ukrayna və Moldova ilə Avropa blokuna daxil olmaq üzrə danışıqlara başlamaq barədə qərar qəbul oluna bilər.
Bu barədə “Reuters” Aİ sammitinin yekunlarına dair təxmini nəticələr layihəsinə istinadən yazır .
“Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib”, mətndə deyilir. Agentlik bildirir ki, sənədin məzmunu hələ də dəyişə bilər.
Həmçinin, ilkin layihəyə əsasən, Aİ Gürcüstana üzvlüyə namizəd statusu verəcək. Keçmiş SSRİ ölkəsinə lazımi meyarlar yerinə yetirildiyi təqdirdə bu imkan veriləcək. Avropa İttifaqı həmçinin Bosniya və Herseqovina ilə üzvlük danışıqlarının başladığını elan edə bilər.
Sentyabrın 26-da Ukraynanın baş naziri Denis Şmıqal ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı bütün tövsiyələrin yerinə yetirildiyini açıqlayıb. O, həmçinin xatırladıb ki, ötən ilin iyununda Kiyev Aİ üzvlüyünə namizəd statusu və Aİ-yə daxil olmaq barədə növbəti addım üçün həyata keçirilməli olan yeddi tövsiyədən ibarət siyahı alıb.