Avropa İttifaqı (Aİ) ölkələri yaxın zamanda Avropada dondurulmuş Rusiya aktivlərindən necə istifadə edilə biləcəyini müəyyən etməyi planlaşdırırlar. Bu barədə Fransanın prezidenti Emmanuel Makron bildirib.
Fransa liderinin sözlərinə görə, müzakirə yekun mərhələdədir.
O qeyd edib ki, qərar bütün aidiyyəti olan Avropa ölkələri, həmçinin Avropa İttifaqı və Avropa Komissiyası ilə razılaşdırılacaq. Makron əminliyini ifadə edib ki, yekun qərar Ukraynaya aydın perspektiv verəcək və Rusiyaya təzyiqin saxlanmasına imkan yaradacaq.
Makron daha əvvəl də bildirib ki, dondurulmuş Rusiya aktivlərindən istifadə etmək hüququ yalnız Avropaya məxsusdur.
24 noyabrda Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinho bəyan edib ki, Aİ dondurulmuş Rusiya aktivlərinin tətbiqi mexanizminin “reparasiya krediti” formatında müzakirəsini Ukrayna üçün sülh planı üzrə danışıqlar fonunda daha da aktual hesab edir. Onun sözlərinə görə, qurum Ukrayna ilə bağlı Cenevrədə keçirilən ilk danışıqlarda əldə olunan irəliləyişi alqışlayır. Pinho həmçinin diqqətə çatdırıb ki, Aİ-nin əsas “qırmızı xətləri” dəyişməz qalır: Ukraynanın sərhədləri güc vasitəsilə dəyişdirilə bilməz və Ukrayna ordusu xarici tələblərlə məhdudlaşdırılmamalıdır.








