Avropa İttifaqı Rusiyanın enerji daşıyıcılarından asılılığın azaldılması çərçivəsində ötən ay qaza olan tələbatını beşillik orta göstəricisi ilə müqayisədə 24 faiz azaldıb.
“Financial Times” qəzeti bu barədə ICIS konsaltinq kompaniyasının hesabatına istinadla məlumat yayıb. Hesabata əsasən, Aİ-də mavi yanacağın ən böyük istehlakçıları olan Almaniya və İtaliyada qaza tələbat noyabrda müvafiq olaraq 23 faiz və 21 faiz azalıb. Fransa və İspaniyada bu göstərici 20 faiz, Niderlandda isə 33 faizdən çox olub.
Tələbatın azalması payız mövsümünün isti keçməsi, həmçinin qaz qiymətlərinin bahalaşması fonunda baş verib.
Mütəxəssislərin fikrincə, Avropa gələcəkdə uzunmüddətli qıtlığın qarşısını almaq üçün mavi yanacağa tələbatını daha da azaltmalı, eyni zamanda, maye qaz idxalını artırmalıdır. ICIS konsaltinq kompaniyasının hesabatına əsasən, Avropa İttifaqı və Böyük Britaniya noyabrda rekord həcmdə – 11.14 milyon ton maye qaz idxal edib, dekabr ayında isə bu rəqəmin 12 milyon tondan çox olacağı gözlənilir.