Avropa Komissiyası Çindən gələn elektrik avtomobilləri üçün əlavə rüsumları azaldıb. AK-nin bəyanatı rəsmi saytında dərc olunub, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.
Komissiyanın bəyanatına görə, “BYD” avtomobilləri üçün əlavə rüsumlar 17%-ə, “Geely” üçün 19.3%-ə, “SAIC” üçün isə 36.3%-ə endirilib. Dövlət subsidiyalarının araşdırılmasında AK ilə əməkdaşlıq etmiş digər şirkətlər üçün rüsum 21.3% təşkil edəcək. Yerdə qalan şirkətlər üçün rüsumun 36.3% olacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl “BYD” markası üçün əlavə rüsum 17.4%, “Geely” üçün – 19.9%, “SAIC” üçün isə 37.6% olub. Hökumətin subsidiya araşdırması zamanı əməkdaşlıq edən digər Çin markalarının elektrik avtomobillərinə 20.8% əlavə rüsum tətbiq edilib. Digər brendlər üzrə rüsum 37.6% təşkil edib.
Eyni zamanda, AK Çində istehsal olunan “Tesla” avtomobilləri üçün rüsumları 9%-ə endirib. Avropa Komissiyası iyulun əvvəlində Çindən idxal olunan elektrik avtomobillərinə müvəqqəti əlavə rüsumlar tətbiq edib. AK-yə görə, Çindən gələn elektrik avtomobilləri “ədalətsiz subsidiyalardan faydalanır ki, bu da Avropa İttifaqında elektrik avtomobil istehsalçılarına iqtisadi ziyan vurmaq təhlükəsi yaradır”.
Avqustun 14-də Çin Ümumdünya Ticarət Təşkilatında elektriklə işləyən avtomobillərin tarifləri ilə bağlı Avropa İttifaqına qarşı iddia qaldırıb. Çin tərəfinin fikrincə, görülən tədbirlər 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişə, həmçinin ÜTT-nin subsidiyalar və kompensasiya tədbirləri haqqında müddəalarına uyğun gəlmir.