6 C
Baku
Sunday, December 15, 2024

Avropa Komissiyası Rusiya qazını əvəz etmək üçün fövqəladə plan hazırlayıb

Avropa Komissiyası Rusiya qazını əvəz etmək üçün fövqəladə plan hazırlayıb.

Banker.az “Vedmosti”yə istinadən xəbər verir ki, bu barədə daxili bazar üzrə Avropa komissarı Tyerri Breton İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, Rusiyadan tədarükün dayandırılması halında ekstremal tədbirlər görülməli olacaq.

“İlin sonuna kimi biz 50 milyard kubmetr qazı mayeləşdirilmiş təbii qazla əvəz edə bilərik. Daha 10 milyard boru kəməri vasitəsilə, xüsusilə cənubda, Şimali Afrikadan və ya Şərqdən tədarük ediləcək. Radiatorların və kondisionerlərin istifadəsini azaltmaqla və enerjiyə qənaəti sürətləndirməklə istehlakı da azaldacağıq: təqribən 14 milyard. Və nəhayət, biometan, eləcə də külək və günəş enerjisi layihələrini təşviq edəcəyik: bu, daha 25 milyarddır”, – deyə Breton söyləyib.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2021-ci ildə Aİ Rusiyadan 155 milyard kubmetr qaz idxal edib – Aİ idxalının 45%-i və ittifaqın ümumi istehlakının 40%-i. Breton qeyd edib ki, Rusiyadan qaz nəqlinin dayandırılması halında Aİ “fövqəl tədbirlər” görməli olacaq.

“Polad zavodları kimi qazdan istifadə edən bir çox sənaye müsəssisələri mazutdan istifadə edə bilər. Bu, 10 milyard kubmetr qaza qənaət etməyə kömək edəcək. Eyni zamanda, elektrik enerjisinin dəyərini qazdan necə ayırmaq barədə düşünməliyik, çünki bu gün biz bir absurdun şahidi oluruq”, – Tyerri Breton əlavə edib.

Avropa İttifaqı və G7 ölkələri Rusiya qazını rublla ödəməkdən imtina edərək, bunu əsasən avro və dollarla bağlanmış mövcud müqavilələrin pozulması adlandırıblar.

Son xəbərlər
Digər xəbərlər