Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlayıb

Avropa İttifaqı və Ukrayna ölkənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara rəsmi olaraq start verib. Bununla bağlı qərar Lüksemburqda keçirilən hökumətlərarası konfransda elan olunub. Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, Aİ-yə üzvlüyə namizəd olan digər ölkə isə Moldovadır. Hər iki ölkə 2022-ci ildə rəsmi namizəd statusu alıb.

İyunun 13-də Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesinə qoyduğu vetonu geri götürüb. Macarıstanın baş naziri Peter Madyar həmin vaxt bildirib ki, bu proses uzun illər çəkə bilər. O, nümunə olaraq 2012-ci ildən Aİ-yə namizəd olan, lakin hələ də üzvlük prosedurunu tamamlamayan Monteneqro ölkəsini göstərib.

Aİ 2024-cü ildə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlasa da, Macarıstanın Baş naziri Viktor Orban Kiyev üçün faktiki prosesin başlanmasına veto qoymuşdu.

2025-ci ilin dekabrında Ukrayna və Avropa Komissiyası ölkənin Aİ-yə üzv olması üçün yerinə yetirməli olduğu 10 bəndlik fəaliyyət planını razılaşdırıblar. “The Guardian” nəşrinin yazdığına görə, bu tələblərin əsas hissəsi korrupsiya ilə mübarizə ilə bağlıdır. Nəşrin sorğuladığı Avropa rəsmilərinin fikrincə, Kiyev indiyədək vəd edilən islahatların təxminən 15%-ni həyata keçirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər