Avropa Komissiyası (AK) 2023-cü il üçün makromaliyyə yardımı çərçivəsində Ukraynaya 1.5 milyard avroluq dördüncü tranşın ayrıldığını elan edib. Bu barədə AK-nin saytında dərc olunmuş məlumatda deyilir.
Avropa Komissiyasının bəyanatında aydınlıq gətirilir ki, bu vəsaitlərin köməyi ilə Avropa İttifaqı Ukraynaya təcili maliyyə ehtiyaclarını ödəməyə kömək etməyə çalışır. “Bu dəstək Ukraynaya maaş və təqaüdləri verməyə, xəstəxanalar, məktəblər və məcburi köçkünlərin mənzilləri kimi əsas dövlət xidmətlərini davam etdirməyə və Rusiyanın təcavüzkar müharibəsi zamanı məhv etdiyi mühüm infrastrukturu bərpa etməyə kömək edəcək”, – mesajda deyilir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu ilin əvvəlindən Ukraynaya makromaliyyə yardımı çərçivəsində 7.5 milyard avro ayrıldığını qeyd edərək, Avropa ölkələrinin gələcəkdə də Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb. Rusiya ilə hərbi münaqişə başlayandan sonra Avropa İttifaqının Ukraynaya ayırdığı maliyyə dəstəyinin ümumi məbləği ukraynalı qaçqınları qəbul edən Aİ-yə üzv dövlətlərə yardım da daxil olmaqla, təxminən 70 milyard avro təşkil edir.