1 C
Baku
Wednesday, January 21, 2026

Avropa Komissiyasının sədri Aİ ilə Hindistan arasında tarixi ticarət sazişini elan edib

Hindistan və Avropa İttifaqı azad ticarətə dair tarixi sazişin imzalanmasına yaxınlaşır. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib. Onun sözlərinə görə, bu razılaşma “bütün razılaşmaların anası” ola bilər.

Aİ rəhbərinin sözlərinə əsasən, saziş 2 milyard nəfəri əhatə edən vahid bazar yaradacaq və qlobal ÜDM-in təxminən dörddə birinə nəzarəti təmin edəcək. “Avropa bu əsrin iqtisadi güc mərkəzləri və aparıcı iqtisadiyyatları ilə biznes aparmaq istəyir — Latın Amerikasından Asiya–Sakit okean regionuna və ondan da kənara qədər”, — deyə fon der Leyen İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb.

“The Economic Times” nəşrinin məlumatına görə, tərəflər danışıqların başa çatdığını 27 yanvarda keçiriləcək 16-cı Hindistan–Aİ sammitində elan etməyi planlaşdırır. Hüquqi prosedurlar, o cümlədən Avropa Parlamentinin təsdiqindən sonra saziş yaxın aylarda imzalanacaq.

Hindistan və Aİ arasında ticarət sazişi üzrə danışıqlar 2007-ci ildə başlayıb, lakin mübahisəli məsələlər səbəbindən dəfələrlə dalana dirənib və 2013-cü ildə dayandırılıb. Qlobal ticarətdə baş verən kəskin dəyişikliklər fonunda müzakirələr 2022-ci ildə bərpa olunub. 2024-cü ildə Hindistanla Aİ arasında ticarət dövriyyəsi 120 milyard avroya (təxminən 140 milyard dollar) çatıb.

Son xəbərlər
Digər xəbərlər