Avropa ölkələri texnologiya nəhəngi ‘Google’a niyə başağrısı olub?

0

Dünyanın nəhəng şirkətlərindən olan “Google” az qala hər insanın həyatının ayrılmaz parçasıdır. Smartfonların təqribən 90 faizi “Google”un əməliyyat sistemi olan “Android”də işləyir. Hər gün milyonlarla insan “Google” reklamlarını görür. İnternetdə nəsə axtarmaq deyəndə də ağıla ilk gələn məhz bu axtarış sistemi olur. Bir çox ölkələrin hökumətləri şirkətin bütün sahələri inhisara almaq cəhdlərindən şikayətçidirlər. Və qanunvericiiyə əsaslanaraq onun fəaliyyətini mümkün qədər məhdudlaşdırmağa çalışırlar.

Martın ortalarında Avropa Komissiyası “Google”a 1,49 milyard avroluq cərimə kəsdi. Buna “Google”un Avropa İttifaqının antiinhisar qanunvericiliyinin qaydalarını pozması, eləcə də onlayn reklam bazarındakı vəziyyətdən sui-istifadəyə yol verməsi səbəb olmuşdu.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Araşdırma zamanı üzə çıxmışdı ki, şirkət on il ərzində faktiki olaraq tərəfdaş saytları “AdSense” xidmətindən istifadə etməyə məcbur edib. Bundan imtina edən portallar isə axtarış zamanı öz mövqelərini itirməli olublar. Eyni aqibətlə rəqib reklam şirkətləri ilə işləyənlər də üzləşiblər.

Avropa Komissiyası “Google”u iki il əvvəl də cərimələmişdi. Həmin vaxt şirkətə nəhəng cərimə kəsilmişdi – 2,42 milyard avro. Cərimənin səbəbi şirkətin rəqabət qaydalarını pozması idi.

Avropa Komissiyası bəyan etmişdi ki, “Google” axtarış sistemindəki üstünlüyündən sui-istifadə edərək onlayn alış-verişlə bağlı müraciət ünvanlayan istifadəçiyə əvvəlcə özünün “Google Shopping” xidmətini təqdim edir.

Ötən ilin mayında şirkətə növbəti cərimə zərbəsi Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyasından gəldi. Qurum elan etdi ki, “Google” Avropa İttifaqında qüvvəyə minmiş fərdi məlumatların mühafizəsi qaydalarının tələblərini pozub və bu səbəbdən 50 milyon avro cərimələnir. Məlum qaydalara görə, şirkətlər istifadəçilərə onların fərdi məlumatlarının toplanması və istifadə olunması barədə məlumat verməli, bu məlumatların toplanması üçün onların razılığını almalıdırlar.

Cərimə qərarı iki qeyri-kommersiya təşkilatının şikayəti əsasında verilmişdi. Şikayətçilərin narazılığı yeni “Android” qurğu istifadəçilərinə yönəlik məlumatlandırmanın şəffaf olmaması, müxtəlif fəaliyyətlər üçün istifadəçilərin razılığının alınmaması ilə bağlı idi.

Marqaret Vestager

Bu cərimənin ardınca növbətisi gəldi. 2018-ci ilin yayında Avropa Komissiyası rəqabət qaydalarını pozduğuna görə “Google”u 4,3 milyard avro cərimələdi. Bir çox ölkələr bərk narazıdır ki, şirkət “Android”in bütün qurğularında öz tətbiqlərini qurmaq istəyir. Cərimə ilə yanaşı, şirkətə öhdəlik də qoyuldu ki, üç ay ərzində mobil xidmətlər üzərindəki monopoliyasını aradan qaldırsın.

İstintaqçıların dediyinə görə, şirkətin əməkdaşları smartfon istehsalçılarını məcbur ediblər ki, “Android” əməliyyat sistemində qacetlərinə “Chrome” brauzerini əvvəlcədən quraşdırsınlar. Bu tələbə “yox” demək mümkün deyil. Çünki istehsalçılar “Google”un proqram təminatı olmadan “Android”də bir cihaz qurduqları təqdirdə, bu platformadan istifadə etmək hüququndan avtomatik məhrum olurlar.

Şirkətə qarşı iddiaçılardan Riçard Loyd bildirmişdi ki, “Google” qanunu pozaraq istifadəçilərin harada olduqları, siyasi baxışları, sağlamlıq durumu, cinsi orientasiyası və maddi vəziyyəti haqda məlumat toplayır. Bu məlumatlar şirkətə reklam seçmək üçün lazım idi.

İddiaçılar hüququ pozulan hər istifadəçiyə 750 funt cərimə ödənilməsinə nail olmaq istəsə də, “Google” bütün ittihamları rədd etdi.

Avropa İttifaqının komissarı Marqaret Vestager bildirir ki, “Google”un bu metodları digər şirkətlərə inkişaf etməyə imkan vermir: “”Geogle” “Android”dən öz axtarış sistemini möhkəmlətmək üçün istifadə edir”.

“Google”un nəhəng gəlirlərinin əsas mənbəyi videoreklamlardır. Bunda da əsas rolu “Android”in bazasındakı qurğular oynayır. 2018-ci ildə qlobal mobil reklamın təqribən üçdə biri “Google”un payına düşmüşdü. Şirkətin ABŞ xaricindəki gəlirləri 40 milyard avroya yaxındır.

“Google” Avropa İttifaqının qərarı ilə razılaşmadı. Şirkətin rəhbəri Sundar Piçai bildirdi ki, “Android” istifadəçilərini əvvəlcədən yüklənmiş tətbiqləri istifadə etməyə məcbur etmirlər, onları istənilən vaxt rahatlıqla poza bilərlər.

Piçainin sözlərinə görə, “Google” yalnız o zaman gəlir əldə edir ki, istifadəçi rəqiblərə yox, onlara məxsus tətbiqdən istifadə edir. Əvvəlcədən hazırlanmış sxemdə mümkün dəyişikliklər barədə isə şirkət rəhbəri heç nə demədi.

Sundar Piçai

ABŞ prezidenti Donald Tramp avropalıların qərarına sərt etiraz bildirərək bütün bunları nəhəng şirkətə qarşı aqressiv hücum kimi qiymətləndirdi. Üstəlik qarşı tərəfi ticarət savaşı ilə təhdid etdi. Ötən ilin aprelində “Google” Avropa Komissiyasının qərarından şikayət verməyə nail oldu.

İllər əvvəl (2011-ci ildə) şirkətin adı daha bir qalmaqallı məhkəmə çəkişməsində hallanmışdı. Həmin vaxt “Google”un reklam sistemi Kanada apteklərinə imkan verirdi ki, Birləşmiş Ştatlara, satışına yalnız resept əsasında icazə verilən preparatları göndərsin. Şirkət cinayət məsuliyyətindən yaxa qurtarsa da, 500 milyon dollar ödəyərək məsələni bağlamağa nail olmuşdu. İddiaya görə, əslində şirkət bu qanunsuzluqdan 2003-cü ildən xəbərdar imiş.

On ilə yaxındır ki, “Google” “Oracle”la da məhkəmə çəkişməsindədir. Qarşı tərəfin iddiasına görə, “Android” platfomasının qurulması üçün qanunsuz olaraq “Java” proqramlaşdırmasının dilindən istifadə olunub.

“Oracle” ilk iddiasını məhkəməyə 2010-cü ildə təqdim edib. İki il sonra məhkəmə “Google”u qismən təqsirli bildi. Lakin iddiaçının milyardlıq cərimə tələbi rədd edildi. 2014-cü ildə ABŞ Apellyasiya Məhkəməsi “Oracle”ın “Java” üzərində müəlliflik hüququnu tanıdı.

Bir neçə il davam edən məhkəmə araşdırmasının sonunda qərar verildi ki, “Google” “Oracle”ın məhsullarını kopyalayıb. Lakin “Google” təslim olmur. Bu ilin yanvarında şirkətin hüquqşünasları Ali Məhkəməyə müraciət edərək “Oracle”a məxsus proqramlaşmanın dilini kopyalamağa icazə verilməsini istəyiblər. Budəfəki çəkişmənin kimin xeyrinə nəticələnəcəyini isə zaman göstərəcək…

Tərcümə: G.Hüseynova