10 C
Baku
Thursday, December 12, 2024

Avropa ölkəsinin ən böyük dairəvi yolunu Azərbaycan şirkəti inşa etdi

Serbiyada Azərbaycanın “AzVirt” və Çinin “Power China” şirkətləri tərəfindən inşa olunan, Belqrad şəhəri ətrafında hazırda ölkənin ən böyük açıq dairəvi yolunun açılış mərasimi keçirilib.

E-70/E-75 magistralındakı dairəvi yolun açılış mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiç, Baş nazir Ana Brnabiç, dövlət rəsmiləri, Azərbaycanın və Çinin Serbiyadakı səfirləri və sözügedən tikinti şirkətlərinin rəhbərliyi iştirak ediblər.

Prezident A.Vuçiç avtomobil yolunun tikintisində iştirak edən Azərbaycan və Çin şirkətlərinə təşəkkürünü bildirib, bu yolun ölkəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Serbiya Prezidenti çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinə dərin minnətdarlığını ifadə edərək Azərbaycan ilə Çindən olan dostlarına böyük ümid bəslədiklərini və güvəndiklərini qeyd edib.

A.Vuçiç xatırladıb ki, Serbiyada metro xəttinin də tikilməsi, birinci xəttin 2028-ci ildə, ikinci xəttin inşasının isə ən geci 2030-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Ölkəmizin Serbiyadakı səfiri Kamil Xasiyev çıxışında Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Səfir Prezident İlham Əliyevin Belqrada və Aleksandar Vuçiçin Bakıya səfərlərinin strateji tərəfdaşlığın dərinləşməsinə yeni təkan verdiyini diqqətə çatdırıb, Serbiyanın Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri olduğunu deyib. Diplomat Azərbaycan-Serbiya dostluğunun zamanın sınağından çıxdığını, beynəlxalq hüquq normalarına, xüsusən də suverenlik və ərazi bütövlüyünə hörmət üzərində qurulduğunu vurğulayıb.

Qeyd edək ki, Serbiyada sözügedən dairəvi yolun istifadəyə verilməsi nəticəsində Belqraddan keçən magistral avtomobil yolunun şəhər hissəsində tıxacların azalması və havanın daha az çirklənməyə məruz qalması gözlənilir.

Ölkəmizin hüdudlarından kənarda uğurlu layihələr reallaşdıran, həmçinin Qarabağın bərpası və yenidən qurulmasının fəal iştirakçısı olan “AzVirt” şirkəti Serbiyada həyata keçirilən iri infrastruktur və avtomagistral-körpü layihələrində müvəffəqiyyətlə iştirak edən nüfuzlu şirkət kimi tanınır.

Son xəbərlər
Digər xəbərlər