Avropa Parlamenti üzvləri Avropa Birliyini Əfqanıstanla bağlı yeni bir strategiya hazırlamağa çağıraraq, Rusiya və Çinin bu siyasi boşluğu doldura biləcəyini bildiriblər.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Sənədi beynəlxalq işlər komitəsinin sədri David Makalister, inkişaf komitəsinin rəhbəri Tomas Tobe və Əfqanıstanla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Petras Auştreviçus imzalayıb.
“AB Rusiya və Çinin bu siyasi boşluğu tez bir zamanda doldurmağa çalışacağını və yeni şərtləri nəzərə alaraq, Əfqanıstan və region üçün yeni strategiya hazırlamalıdır. Xüsusilə, bu işə Pakistan, İran və Hindistan cəlb edilməlidir”, – deyə Avropa Parlamentinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan tələsik çıxarılması “Taliban” hərəkatının gözlənilmədən ölkə hakimiyyətini ələ keçirməsinə imkan yaradıb.
Xatırladaq ki, 15 avqustda taliblər Kabula daxil olub. Eyni gündə Əfqanıstan prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib. ABŞ prezidenti Co Bayden onun güclü dəstəyinə baxmayaraq, Əfqanıstan hökumətinin “Taliban”a təslim olduğunu söyləyib. O, qoşunları Əfqanıstandan geri çəkdiyinə görə peşman olmadığını əlavə edib.