Avropada Rusiya istehsalı olan avtomobillərə qoyulan qadağaya yenidən baxıla bilər.
Avropa Parlamentinin qətnaməsinə görə, deputatlar bu qərarı ləğv etməyə çağırırlar.
Qətnamədə deputatlar Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırış etsələr də, mövcud sanksiya rejimindəki qüsurları da qeyd ediblər. Xüsusilə, Aİ-yə daxil olanların şəxsi əşyalarının müsadirə edilməsi ilə bağlı ruslara qarşı görülən tədbirlər “ayrı-seçkilik” adlandırılıb.
“Avropa Parlamenti Avropa Komissiyasını yalnız şəxsi istifadə üçün nəzərdə tutulan əşyaların və nəqliyyat vasitələrinin müsadirəsi ilə nəticələnən sanksiyaların şərhini yenidən nəzərdən keçirməyə çağırır. Bu tip tədbirlər sanksiyaların məqsədini nüfuzdan salır” – – deyə sənəddə qeyd edilib.
Xatırladaq ki, Avropa Komissiyası sentyabrın 8-də Rusiya vətəndaşlarının şəxsi smartfonları, avtomobilləri, zinət əşyaları və noutbukları ilə Avropa İttifaqına daxil olmasının qadağan edildiyinə dair bəyanat yayıb. Bildirilib ki, Aİ sərhədindən keçən rusiyalılar özləri ilə mobil telefon, noutbuk, çamadan, kosmetika, dəri və xəz məhsulları, yarıqiymətli daşlar, tualet kağızı, şampun, diş pastası, fotoaparat gətirə bilməzlər və Aİ-nin gömrük orqanları onlara icazə verməyəcək. Həmçinin Rusiyada qeydiyyatdan keçmiş avtomobillərlə Aİ ölkələrinə daxil olmaq da qadağandır. Bu, qadağan olunmuş idxal kimi qiymətləndiriləcək. Daha sonra Polşa, Latviya, Litva və Estoniya, eləcə də Finlandiya Rusiya dövlət nömrə nişanlı avtomobilləri öz ərazilərinə buraxmaqdan imtina edib. Oktyabrın 3-də Norveç də Rusiya qeydiyyatında olan minik avtomobillərinin girişinə qadağa qoyub.