Avropada bu həftənin əvvəli təbii qazın qiymətinin bu qışın ən kəskin artımı ilə yadda qalıb.
Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın dünənki 258 USD/1000 kubmetrdən sonra bugünkü fyüçersi 284 USD/1000 kubmetrdən satılıb. Bu 10 faizlik artım qışın əvvəlindən ən kəskin qiymət sıçrayışıdır. Eyni zamanda, bu gün qeydə alınan qiymət 2018-ci il dekabrın 28-dən bu yana ən yüksək qiymətdir.
Görünməmiş soyuqların tüğyan etdiyi İspaniyanın PVB onlayn qaz satışı mərkəzində isə cümə günü qeydə alınmış 660 USD/1000 kubmetr qiyməti bu gün 379 dollaradək geriləyib.
Bütövlükdə, bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından qaz sərfiyatının artmasına təkan verib. Yanvarın 10-da yeraltı qaz anbarlarının dolma səviyyəsi 66,63 faiz olub. Bu, ötən beş mövsümün orta səviyyəsindən bir qədər azdır, halbuki cari mövsümün əvvəlində 6,75 faiz, yaxud 7 milyard kubmetr çox olub.
Digər tərəfdən, Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 48 faiz azdır.
Ümumiyyətlə, ötən il Avropa LNG idxalı 7 faiz azalaraq 97,194 milyon kubmetr təşkil edib.