“Avropa şirkətlərinin Azərbaycanın qablaşdırma sənayesinə marağı var”.
Bunu Report Agentliyinə Azərbaycan Qablaşdırma Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Hacızadə bildirib.
Onun sözlərinə görə, şirkətlər arasında təkliflər müxtəlifdir:
“Bəzi şirkətlər Azərbaycana investisiya yatırmaq istəyir, bəziləri isə avadanlıq satmaq niyyətindədir”.
K.Hacızadə vurğulayıb ki, Avropa şirkətləri məhsullarını Azərbaycana satmağa gəlmişdilər: “Lakin ölkədə olan müəssisələrin də bu məhsulları istehsal edə biləcəyini gördükdən sonra texnologiyanın satılması ilə bağlı qənaətə gəliblər. Onlar yerli şirkətlərə təkliflərini veriblər və təkliflər arasında birgə müəssisələrin yaradılması, avadanlıqlarını lizinqə verilməsi məsələləri də yer alıb”.
K.Hacızadə deyib ki, bundan başqa, Çin, Rusiya, Koreya şirkətlərinin də Azərbaycanın qablaşdırma sahəsinə marağı var.
Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı, istehsal və emal sahələrinin genişlənməsi, ixrac imkanlarının artması qablaşdırma sənayesinin genişləndirilməsini zəruri edir.