Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti başlayıb.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
Bildirilib ki, hazırda Avropa liderləri görüş keçiriləcək Praqa qalasına daxil olurlar.
Qeyd edək ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.
***
Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Çex Respublikasının Baş naziri Petr Fiala Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə Toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.
X X X
Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyinin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə edə biləcəklər.