Avropa İttifaqı Ukrayna müharibəsinə görə Moskva ilə dialoq aparmazkən, Brüssel Pekinlə dialoqu davam etdirir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Jozep Borrel Çinə 3 günlük səfəri zamanı münasibətlərdəki suallara aydınlıq gətirməyə çalışıb. Buna qədər Borrelin Çinə səfəri iki dəfə təxirə salınıb. Birinci dəfə onun səfərinin təxirə salınması koronavirusun yayılması ilə bağlı olub. İkinci dəfə səfərin təxirə salınması Çinin xarici işlər naziri Tsin Qanın qəfil vəzifəsindən uzaqlaşdırılmasıyla əlaqəli idi.
Borrel Pekində Ukrayna və Yaxın Şərq mövzularını müzakirə edib. Borrel Çin xarici işlər naziri Van Yi ilə görüşdükdən sonra 12-ci Çin-Avropa Strateji Dialoq tədbirində iştirak edib. Borrel “South China Morning Post” nəşrinə verdiyi müsahibədə Pekinin Avropa siyasətini dəyişməsini istəyib. Məsələ burasındadır ki, Pekin Moskva kimi Avropanı ABŞ siyasətindən asılı olduğu qənaətindədir, yəni “Vaşinqton nə deyirsə Brüssel onu edir”.
Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, Borrel Pekini inandırmağa çalışıb ki, Avropa qərarlarında müstəqildir və Çin hakimiyyəti siyasətində bunu nəzərə almalıdır.
“Doğrudur, ABŞ-la Avropanın siyasəti Ukrayna müharibəsinin nümuməsində olduğu kimi üst-üstə düşür. Ancaq Borrel Pekini yenə inandırmağa çalışıb ki, Brüsselin Pekinə yönəlik siyasəti ABŞ-ın təzyiqi altına deyil. Maraqlıdır ki, Borrel Pekini həm tərəfdaş, həm də rəqib adlandırıb. Avropa İttifaqı rəsmisi onu da vurğulayıb ki, rəqiblərin düşmən olması vacib deyil”.
Göründüyü kimi, Borrel hər vəchlə Pekini inandırmağa çalışıb ki, Brüsselin Pekinə münasibəti Vaşinqtonun Pekinə münasibətindən daha yaxşı və mülayimdir. Bunu Avropa İttifaqının digər rəsmiləri də açıqlamalarında qeyd ediblər. “Global Times” dərgisində yayımlanan məqalədə, Brüsselin Pekin siyasətinin riskləri ola biləcəyi yazılıb. Dərgi hesab edir ki, Çin sağlam rəqabətin qarşısını alıb. Buna baxmayaraq, Avropa dövlətlərinin bir qismi Çinlə iqtisadi əlaqələrdən imtina etməyiblər. Siyasi münasibətlərdə isə inamsızlıq var. Misal üçün Brüssel Pekinin Ukrayna müharibəsi məsələsində Moskvaya təsir etməsini istəyir. Pekin Moskvaya təsir etmir. Pekin Moskvanın taxıl sazişinə qayıtması üçün də heç nə etməyib. Pekin Rusiya-Ukrayna müharibəsinin bitməsini istəsə də, müharibənin bitməsi və işğala son qoyulması üçün Kremllə təsir etməyib. Halbuki, Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, Pekin “müharibəni dayandırmaq lazımdır” desə, Kreml dost ölkə adlandırdığı Çinin çağırışını eşidər.