Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) avtomobil yollarının yenidən qurulması və müasirləşdirilməsi layihəsi çərçivəsində Azərbaycana növbəti tranşı 2017-ci ilin ilk aylarında ayırmaq niyyətindədir.
Bunu Trend-ə eksklüziv müsahibəsində AYİB-in Bakı ofisinin rəhbəri İvana Duarte deyib.
İ.Duartenin sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur:
“Hazırda biz Gəncə və Gürcüstan sərhədi arasında M2 avtomagistralının 130 kilometrlik hissəsinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsini nəzərdən keçiririk. Bu, əvvəl imzalanmış regional yollar üzrə kredit sazişi çərçivəsində növbəti tranşdır. Qeyd edim ki, M2 avtomagistralı Şərq-Qərb dəhlizinin bir hissəsidir və gözlənildiyi kimi, bu avtomagistral İpək Yolu marşrutu üzə hərəkət edən mal axınını genişləndirəcək. Ümid edirik ki, biz bu mühüm layihəyə 2017-ci ilin ilk aylarında kredit vəsaiti ayıracağıq”.
Onun sözlərinə görə, Bank cari ildə də əsas yolların bərpası və yenidən qurulması çərçivəsində Azərbaycan hökuməti ilə sıx əməkdaşlığını davam etdirmək niyyətindədir:
“AYİB Azərbaycanın əsas regional yollarının və əsas yol dəhlizlərinin bərpası və yenidən qurulması layihələri üzrə hökumətə dəstəyini davam etdirir. Biz hesab edirik ki, yaxşı fəaliyyət göstərən infrastruktur ticarət, qonşu ölkələr ilə regional əməkdaşlıq və ümumiyyətlə bütün ölkənin iqtisadi inkişafı üçün həlledici əhəmiyyətə malikdir”.
Azərbaycan və AYİB iri nəqliyyat layihəsi üzrə 750 milyon dollar məbləğində kredit sazişini 2011-ci ilin dekabr ayında imzalayıb. Layihənin ümumi dəyəri 900 milyon dollar təşkil edir. Kreditin birinci 250 milyon dollarlıq tranşı 2011-ci ilin sonunda uzunluğu 156 kilometr olan Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulmasına ayrılıb.
İkinci 250 milyon dollar məbləğində tranş 2013-cü ilin dekabrında Bəhramtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması üçün bankın direktorlar Şurası Tərəfindən təsdiqlənib. Lakin Azərbaycan hökuməti ikinci tranşın vəsaitini AYİB tərəfindən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 4 zolağa qədər genişləndirilməsinə yönəldilməsini istəyib.
Hökümətdəki mənbə Trend-ə bildirib ki, AYİB-in Direktorlar Şurası ötən ilin sonunda bu xahişi qəbul edib və bundan əlavə üçüncü və sonuncu 250 milyon dollar məbləğində tranşı Azərbaycanın avtomobil yollarının müasirləşdirilməsi və yenidən qurulması üçün təsdiq edib.
“Beləliklə, ikinci və üçüncü 500 milyon dollar məbləğində tranşlar Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 4 zolağa qədər genişləndirilməsi üçün köçürüləcək. Təmir bu yolun statusunu birinci səviyyəyə qədər qaldırmağa imkan verəcək”.
Bu nəqliyyat layihəsinin əsas məqsədi əhəmiyyətli magistral yolların, dəhlizlərin və ya Gürcüstan və İran ilə bilavasitə həmsərhəd olan yolların yenidən qurulmasına kömək etməkdir.