Avropada təbii qaz anbarlarında ən çox “mavi yanacaq” saxlayan ölkə İtaliyadır.
Hazırda İtaliyadakı anbarlarda 17,6 milyard kubmetr təbii qaz saxlanılır, bu da 85 faizlik doluluq nisbəti deməkdir. Təbii ki, bunun əsas səbəbi cari ilin əvvəlindən Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik (TAP) boru kəməridir. İlin əvvəlindən TAP-la Avropaya 5 milyard kubmetr Azərbaycan təbii qazının nəql edilib, boru kəməri ilə ötürülən qaz həcmləri gündəlik 20-25 milyon kubmetrdir.
Qeyd edək ki, Avropa ölkələrində anbarlarda saxlanılan təbii qaz həcmləri ötən bir il ərzində 23 milyard kubmetr azalıb. Belə ki, keçən ilin sentyabrında qitədəki təbii qaz anbarlarının doluluq nisbəti 95 faiz olduğu halda, hazırda bu göstərici 74,6 faizə enib. Ötən il sentyabrın 30-da Avropadakı təbii qaz anbarlarında 108 milyard kubmetr qaz olub. Cari ilin eyni dövründə isə bu həcm 23 milyard kubmetr azalaraq 85 milyard kubmetrə enib.
Hazırda Almaniyadakı anbarlarda 16,5 milyard kubmetr (doluluq nisbəti 68 faiz) və Fransada 12,4 milyard kubmetr (doluluq nisbəti 90 faiz) təbii qaz saxlanılır. Böyük Britaniyadakı 1 milyard kubmetrlik qaz anbarlarının doluluq nisbəti 100 faiz, Polşadakı 3,5 milyard kubmetrlik anbarların doluluq nisbəti isə 96,3 faizdir.
Təbii qaz anbarlarındakı həcmlərin ən çox azaldığı ölkələr Niderland, Portuqaliya və Avstriyadır. Belə ki, Niderlanddakı anbarların doluluq nisbəti 91 faizdən 14,8 faizə, Portuqaliyada 98,7 faizdən 59,2 faizə, Avstriyada 90 faizdən 56,8 faizə enib.
Qitədə yay aylarında müşahidə olunan anomal istilər və enerji tələbatının artması anbarlardakı təbii qazdan daha çox istifadəyə gətirib çıxarıb. Həmçinin quraqlıq nəticəsində su elektrik stansiyalarında enerji istehsalının azalması anbarlardakı təbii qazdan daha çox istifadə edilməsinə səbəb olub.
Mütəxəssislərin fikrincə, bu il qış fəsli gözləniləndən daha soyuq keçəcəyi təqdirdə Avropa ölkələri təbii qazla bağlı ciddi problemlərlə üzləşə bilərlər.