Avropada elektrik enerjisinin istehsalında kömürün payı ən aşağı səviyyəyə düşüb

Avropa İttifaqında (AB) elektrik enerjisinin istehsalında kömürün payı ötən il 9,2 faizə enərək tarixi minimum səviyyəyə düşüb.

Bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında deyilir.

Bildirilir ki, ötən il Aİ-nin ümumi elektrik enerjisi istehsalının 3,7 faizi daş kömürdən, 5,5 faizi isə liqnitdən əldə edilib. Aİ-də daş kömürdən 105 min 601 giqavat-saat, liqnitdən isə 154 min 186 giqavat-saat elektrik enerjisi istehsal olunub.

Beləliklə, daş kömürün və liqnitin ümumi elektrik enerjisi istehsalında birgə payı 9,2 faizə düşərək indiyə qədərki ən aşağı səviyyəyə enib. Elektrik enerjisi istehsalında kömürün payı 2024-cü ildə ilk dəfə olaraq 10 faizdən aşağı düşüb.

Aİ-də 1990-cı ildə elektrik enerjisi istehsalının üçdəbirindən çoxu kömürdən əldə edilib. Ümumi elektrik enerjisi istehsalında kömürün payı 2000-ci ildə 30,4 faizə düşüb və sonrakı illərdə azalmağa davam edib. İllər ərzində kömürdən elektrik enerjisi istehsalı nüvə enerjisi, təbii qaz, su elektrik stansiyası, külək və Günəş enerjisindən geri qalıb.

Bundan əlavə, ötən il Aİ-də daş kömür istehlakı 107 milyon tona, liqnit istehlakı isə 184 milyon tona düşərək tarixən aşağı səviyyələrə çatıb.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər