Fransanın çox böyük oynamağa çalışması həm regionumuz, həm Avropa, həm də Fransanın özü üçün çox təhlükəlidir.
Almaniya kansleri Angela Merkel siyasətdən getdikdən sonra Fransa Avropada söz sahibi olmaq üçün hərəkətə keçdi. Lakin, damağında hələ də 18-ci əsrin gücü, qüvvəti qalan Fransa 21-ci əsrin Avropasında söz sahibi ola bilməyəcəyini qəbul etmək istəmir. Almaniya kansleri Şolts da əslində son aylarda atdığı addımlarla Merkel kimi güclü siyasətçi getsə də, Almaniya Avropada söz sahibi olaraq qalmaqdadır mesajını verməyə çalışır. Nəticədə Avropada Fransaya qarşı bir balans formalaşır.
Britaniya Avropa Birliyi daxilində baş verənlərə qarışmasa da, beynəlxalq layihələrdə çəkdiyi xətləri, sərhədləri qoruyur. Fransa əslində son onilliklərdə ABŞ-ın və Britaniyanın istər Suriya, istər İran siyasətlərində oyunpozucu siyasət yürütmüşdür. Burada həm İran, həm Suriya və həm də Fransada güclü olan erməni lobbisinin böyük rolu olmuşdur. Britaniyanın Avropa Birliyindən çıxması (Brexit), Fransada iğtişaşlar, Fransanın Afrikada nüfuz dairəsində (müstəmləkəsi altında) saxladığı ölkələrdən qovulması Fransanın həm İran, Suriya siyasətlərində ikibaşlı oyunlarının nəticələrində bir neçə böyük qlobal iqtisadi layihələrin pozulması, təxirə salınması ilə nəticələnmişdir. Fransa bu oyunpozucu fəaliyyətini bu gün Zəngəzur dəhlizi ilə bağlı aparır. Bu dəfə müttəfiqi İranın vasitəsilə. Bu məsələdə isə diqqəti yayındırmaq və özünü Qafqazda nüfuz sahibi kimi göstərməyə çalışmaq məqsədilə İran “Zəngəzur dəhlizini biz açılmağa qoymadıq” kimi mesajlar verir. Əslində məsələ daha dərindir.
FRANSA TARİXDƏ
1944-cü ildə Bretton Vuds sazişindən və dollarda qızıl standartının tətbiqindən sonra (1 unsiya qızıl = 35 dollar) ABŞ-ın dünya maliyyə sistemində hakim rolunu qəbul və həzm etməyən Fransa Prezidenti Şarl de Qoll dünya bazarlarında 1 unsiya qızılı 35 dollarla kütləvi şəkildə almağa başladı. ABŞ məcburən qızıl satır, prosesə digər ölkələr də qoşularaq 35 dollardan qızıl alaraq birjadan kənar satışlara başlayırlar. Nəticədə rəsmi qiyməti 35 dollar olan qızılın 1 unsiyası birjadan kənar bazarlarda 40-45 dollara alınıb satılmağa başlayır. ABŞ-ın qızıl ehtiyatlarının 20 min tondan 8 min tona düşdüyünü görən Prezident Nikson 1971-ci ilin 15 avqustunda qızıl standartının ləğvini elan etdi.
ABŞ isə Marşal planı ilə Avropanı iqtisadi cəhətdən gücləndirməkdə, Fransa isə öz əvvəlki mövqelərini itirməkdə davam edir. Bir neçə orta səviyyəli layihə istisna olmaqla Fransa iri layihələrdə icraçı kimi kənarda qalır. Nəyin bahasına olursa olsun, Avropada öz mövqelərini qoruyub saxlamağa çalışan Fransa erməni lobbisinin gücündən istifadə etməyə çalışmışdır. Əslində ABŞ-da yəhudi lobbisinin qarşısında söz sahibi ola bilməyən erməni lobbisi Britaniyada da arzu olunan qüvvə deyil. Almaniya da məhz bu kimi səbəblərdən öz ölkəsində hər hansı diaspor və lobbiçilik fəaliyyətini qadağan etmişdir. Erməni lobbisinin Avropada əsas qalası və ümidi Fransadır. İran İslam İnqilabında da Fransanın rolu haqqında müxtəlif mənbələrdə müxtəlif fikirlər dolaşmaqdadır. Bu gün Fransadakı erməni lobbisi Fransanın siyasətinin nüfuz dairəsinin artırılması və genişləndirilməsi üçün İran, Suriya, Livan, Fələstin kimi ölkələrdə erməni lobbisinin gücü və nüfuzunu gücləndirmişdir. Nəticədə Almaniya, İtaliya, İspaniya kimi ölkələrdən fərqli olaraq Fransa öz siyasətini həm dövlət xətti, həm də paralel “dərin” əlaqələrlə yürütmüşdür. Təsadüfi deyildir ki, məhz bu cür “dərin” əlaqələrin formalaşdığı ən əsas Avropa dövləti məhz Fransadır.
Fransanın yenidən Yunanıstanla daha da yaxınlaşıb jestlər etməsi, öz siyasətinə yeni tərəfdarların cəlb olunması və dairəsini genişləndirməyə çalışması, Yaxın Şərqdə baş verənlərə ikili münasibəti proseslərin qarşıda olduğunu göstərir.
Fransanın bu ikibaşlı, təhlükəli siyasətlərinin səbəbindən Qafqazla bağlı məsələlərdə məhz Almaniya öz sözünü deməyə başladı. Məhz Makronu stoldan kənara qoymaq və Qafqazdakı məsələlərə kənar qüvvələrin qarışmasının xoş qarşılanmadığının mesajını verməklə.
Başqa dövlətlərin işinə burnunu soxmağı çox sevən Fransa bu dəfə öz ölkəsində Korsika problemi ilə bir daha üz-üzə qaldı. Başqa dövlətlərə moizə oxuduğu “öz müqəddəratını həll etmək”, “fikir azadlığı” məfhumlarını Fransa elə öz polislərinin qəddarlığı ilə öz ölkəsində bir heçə çevirməyə çalışdı. Cavab addımı atmağa çalışan Fransa bunun ardınca daha təhlükəli oyuna başlamaqla həm də Avropanı ciddi bir avantüraya sürükləməyə başlayır. Fransa Ukraynada Rusiyaya qarşı vuruşacağını bildirir. Fransa çox gözəl bilir ki, ABŞ və Qərbin planı Rusiya ilə açıq müharibə aparmaq deyil, Fransa Ukraynaya gəlsə və ABŞ, Britaniya və Almaniya onun ardınca gəlməyəcək və bu halda bu faktiki olaraq Qərbin parçalanması demək olacaq. Fransa xüsusilə ABŞ-dakı seçkilər öncəsi bu kimi avantürist addımlarla bazarlıq etməyə çalışaraq yeni dünya düzənində özünə daha çox pay almaq, dünya siyasətində söz və nüfuz sahibi olmağa çalışır. Gedişat isə göstərir ki, böyük güclər Fransa və onu dəstəkləyən qanadların bu istəklərini yerinə yetirmək, bazarlıq masasında Fransaya güzəştlər etmək niyyətində deyillər.
Sadəcə, əsas odur ki, Fransanın bu oyunbazlığı regionumuzdan və qardaş Türkiyədən uzaq olsun.
Müəllif:
Elman Sadıqov