İran ilə Avropa firmaları arasında hesablaşmaları təmin etmək məqsədilə INSTEX şirkəti qeydiyyata alınıb, şirkətin qərargahı Parisdə yerləşir. Məlumat NDR tərəfindən toplanıb. Banker.az-ın DW-ə istinadən məlumatına görə, bu kanaldan yalnız ABŞ-ın sanksiyalarından qorxmayan şirkətlər istifadə edəcəklər.
Almaniya, Fransa və Böyük Britaniya dövlətləri, Avropa şirkətləri ilə İran arasında ticarət imkanlarını yaratmaq üçün xüsusi bir mexanizm yaradıblar. Qərargahı Parisdə yerləşmiş bu şirkət, artıq qeydiyyata alınmışdır. Şirkətin adı INSTEX (Instrument In Support Of Trade Exchanges, Ticarət mübadiləsini dəstəkləyən alət).
Şirkətin əsas vəzifəsi, sanksiya rejiminin bərpasından sonra, İranla hesablaşma kanalının yaradılmasıdır. Şirkətə Almaniyanın idarəetmə direktoru başçılıq edəcək, Böyük Britaniya isə müşahidə şurasına sədrlik edəcək. Mexanizmə Aİ -nın digər ölkələri də qoşula bilər, deyə NDR bildirib.
Qeyd olunur ki, bu məqsədə çatmaq heç də asan olmayacaq. Belə ki, şirkətlərin bir çoxu İrandan çıxaraq, onunla ticarət münasibətlərini kəsiblər.
DW-nin verdiyi məlumata görə, yeni yaradılmış şirkət Avropa şirkətlərini ABŞ sanksiyalarından müdafiə edə bilməyəcək, buna görə də yalnız ABŞ-ın məhdudlaşdırıcı tədbirlərindən qorxmayan firmalar onun xidmətlərində maraqlı olacaqlar.
Mexanizm bu qayda ilə işləyəcək: İran neft və digər malların Avropaya tədarükünü təmin edir, lakin pul İranın banklarına deyil, İrana sənaye malları, dərmanlar və qida məhsullarını ixrac edən Avropa şirkətlərinə göndəriləcək.
Belə bir mexanizmin yaradılmasının əsas səbəbi, ABŞ-ın Tehranla bağladığı nüvə razılaşmasından çıxdığını və sanksiyaları bərpa edəcəyini elan etməsi olub.
Donald Trump qeyd edib ki, o, nə Aİ-na, nə də digər dövlətlərə sanksiyalardan boyun qaçırmasına imkan verməyəcək.
Noyabr ayında Reuters xəbər verib ki, ABŞ-ın sanksiyalarından ehtiyat edən Aİ dövlətləri, yeni strukturun qərargahını öz ərazisində yerləşdirməyə hazır deyillər.