22 C
Baku
Tuesday, September 2, 2025

Avropada istiqraz gəlirliliyi yüksəlir: Bu gələcək üçün nə deməkdir?

Avropada uzunmüddətli istiqrazların gəlirliliyi çərşənbə axşamı son illərin ən yüksək səviyyəsinə qalxıb. Bu, investorların dünya ölkələrinin maliyyə vəziyyətindən getdikcə daha çox narahat olması fonunda baş verib. Eyni zamanda, səhmlər ucuzlaşıb, dollar möhkəmlənib, qızıl isə yeni rekord həddə çatıb.

Banker.az xəbər verir ki, bazarlar sentyabrda kəskin “məktəbə dönüş” şokunu yaşadığı bir vaxtda Yaponiya yeni də ucuzlaşıb. Buna səbəb Baş nazir Şigeru İşibanın yaxın köməkçisinin istefa verəcəyini açıqlaması olub.

Günün sonrakı saatlarında ABŞ-da biznes aktivliyi ilə bağlı açıqlanacaq məlumat həftə ərzində gözlənilən mühüm iqtisadi göstəricilərin ilki olacaq.

Böyük Britaniyanın 30 illik istiqrazlarının gəlirliliyi təxminən 6 baza bəndi artaraq 5.697%-ə çatıb – bu, 1998-ci ildən bəri ən yüksək göstəricidir. Fransanın gəlirliliyi oxşar qədər artaraq 4.513%-ə qalxıb – 2009-cu ildən bəri ən yüksək hədd. Almaniyanın göstəricisi isə 2011-ci ildən bəri ən yüksək hədd olan 3,41%-ə çatıb.

İstiqrazların gəlirliliyi qiymətlərlə tərs hərəkət edir. Xüsusilə 30 illik uzunmüddətli istiqrazlarda gəlirlilik bütün dünyada sürətlə artır. Bunun səbəbi Yaponiyadan ABŞ-a qədər ölkələrin borc miqyasından narahatlıqdır.

“İstiqraz bazarlarında avqustda yaşanan ağrı sentyabra problemsiz ötürüldü. Qarşıdakı günlərdə və həftələrdə gözlənilən yeni ilkin yerləşdirmələrin bolluğu isə uzunmüddətli istiqrazlarda qlobal satış dalğasını daha da gücləndirə bilər”- deyə, “Societe Generale”dən korporativ tədqiqat üzrə FX və faiz dərəcələri rəhbəri Kennet Bruks bildirib.

Sentyabr və oktyabrda Avropada 100 milyard avrodan (~117 milyard dollar) çox istiqraz buraxılışı planlaşdırılır.

ABŞ-da 30 illik istiqrazların gəlirliliyi də 6 baza bəndi artaraq 4.8%-ə çatıb, lakin bu, yalnız iyul ayından bəri ən yüksək səviyyədir. Eyni zamanda, 10 illik dövlət istiqrazlarının gəlirliliyi 6 baza bəndi artaraq 4,28%-ə yüksəlib.

Britaniya və Fransa isə xüsusi diqqətdədir. Fransanın Baş naziri Fransua Bayru gələn həftə etimad səsverməsini uduzmağa hazırlaşır, çünki müxalifət hökumət xərclərinin ixtisarına qarşı çıxır. Britaniyanın maliyyə naziri Reyçel Rivz isə payız büdcəsində fiskal hədəflərə uyğun qalmaq üçün vergiləri artırmağı planlaşdırır. Funt sterlinq də dollar qarşısında kəskin –  1,3% enərək $1,3370 olub və avro qarşısında da son bir ayın minimumuna düşüb.

Valyuta bazarlarında dəyişkənlik başqa yerlərdə də müşahidə olunub. Dollar yapon yeni qarşısında təxminən 1% möhkəmlənərək 148,6-ya qalxıb. Buna Yaponiya Bankı rəsmisinin yumşaq tonlu açıqlamaları və hakim partiyanın əsas vəzifəli şəxslərindən birinin istefası səbəb olub. Avro isə 0,7% azalaraq $1,1631-ə düşüb.

Bruks bildirib ki, dollar apreldəki tarif şokundan sonra ilk dəfə “təhlükəsiz liman” xüsusiyyətləri qazanır: “Əlbəttə, bu yalnız bir gündür, lakin bu hərəkətlər cümə günü açıqlanacaq qeyri-kənd təsərrüfatı məşğulluq rəqəmləri gözlənilmədən zəif gələrsə və FED-in faiz endirimlərinə çağırışlar artsa, cəlbedici giriş nöqtəsi ola bilər”- Bruks bildirib ki, dollar apreldəki tarif şokundan sonra ilk dəfə “təhlükəsiz liman” xüsusiyyətləri qazanır:.

Bütün bunlar səhmlərə zərər vurub. Avropanın əsas Stoxx 600 indeksi 1% azalıb, faiz həssas daşınmaz əmlak səhmləri isə təxminən 3% enib. ABŞ-da səhmlərin fyuçersləri isə 0,7% aşağı düşüb.

ABŞ üçün gərgin məlumat həftəsi

ABŞ biznes aktivliyi ilə bağlı açıqlanacaq məlumat bu həftə dərc olunacaq bir sıra göstəricilərin ilki olacaq. Bu məlumatlar FED-in bu ay faiz dərəcələrini endirəcəyi gözləntilərini ya təsdiqləyəcək, ya da sual altına alacaq.

Həftənin ən mühüm məlumatı cümə günü açıqlanacaq ABŞ-ın qeyri-kənd təsərrüfatı məşğulluq hesabatı olacaq. Ondan əvvəl isə iş yerləri, vakansiyalar və özəl məşğulluqla bağlı göstəricilər açıqlanacaq. Bu isə həm investorlar, həm də FED üçün əmək bazarının vəziyyətini daha aydın göstərəcək. Əmək bazarı hazırda siyasi müzakirələrin mərkəzindədir.

Bazarlar geniş şəkildə gözləyir ki, FED bu ay faiz dərəcələrini endirəcək və 25 baza bəndlik azalma ehtimalı 89% qiymətləndirilir.

FED-in yaxınmüddətli faiz endirimləri perspektivi, uzunmüddətli inflyasiya narahatlıqları və qlobal bazarlardakı gərginliklər qiymətli metallara ideal mühit yaradıb. Qızıl çərşənbə axşamı səhər $3 508,5/unsiya həddinə qədər qalxaraq tarixi maksimuma çatıb. Gümüş isə son 14 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Daha sonra hər iki metal Avropada ticarət zamanı dolların güclənməsi fonunda bir qədər gerilədi.

Neft qiymətləri isə Rusiya ilə Ukrayna arasındakı münaqişənin gərginləşməsi fonunda təchizatın pozula biləcəyi narahatlıqları səbəbilə artıb. Brent markalı neftin qiyməti 1,5% artaraq 69,17 dollar/barel olub.

 

 

Son xəbərlər
Digər xəbərlər