23 C
Baku
Saturday, May 24, 2025

Avropada pensiya yaşı qaldırılır – ÖLKƏLƏR

Danimarkada parlament 2040-cı ilə qədər pensiya yaşının 70-ə yüksəldilməsi haqqında qanun qəbul edib.

Bu qərarın qəbulundan sonra Danimarka Avropada ən yüksək pensiya yaşına sahiblənib.

2006-cı ildən Danimarka rəsmi pensiya yaşını gözlənilən ömür uzunluğu ilə əlaqələndirir və hər beş ildən bir ona yenidən baxır. Hazırda bu ölkədə pensiya yaşı 67-dir, lakin 2030-cu ildə 68, 2035-ci ildə isə 69 yaşa yüksələcək.

Danimarkada pensiya çıxmaq üçün 70 yaş 1970-ci il dekabrın 31-dən sonra doğulan bütün şəxslərə şamil ediləcək.

Qərar Danimarka əhalisində narazılığıa səbəb olub. Paytaxt Kopenhagendə həmkarlar ittifaqları tərəfindən dəstəklənən pensiya yaşının artırılmasına qarşı etirazlar keçirilib.

Avropada pensiya yaşları fərqlidir. Son illərdə bir çox hökumət gözlənilən ömür müddətini əks etdirmək və büdcə kəsirlərini aradan qaldırmaq üçün pensiya yaşını artırıb.

İsveçdə insanlar pensiya ödənişlərini 63 yaşından almağa başlayırlar.

İtaliyada standart pensiya yaşı 67-dir.

Böyük Britaniyada 6 oktyabr 1954-cü il və 5 aprel 1960-cı il tarixləri arasında anadan olan şəxslər pensiyalarını 66 yaşında almağa başlayırlar. Lakin həmin tarixdən sonra doğulanlar üçün dövlət pensiya yaşını tədricən artacaq.

Fransada isə 2023-cü ildə pensiya yaşını 62-dən 64-ə qaldıran qanun qəbul edilib. Bu dəyişiklik etirazlara və iğtişaşlara səbəb olub.

1 iyul 2026-cı il tarixindən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, yəni 65 olacaq.

Son xəbərlər
Digər xəbərlər