Azərbaycanın ixracında 30 faiz paya sahib olan təbii qazın qiyməti Avropada havaların soyuq keçməsi və geosiyasi risklər səbəbindən artaraq son bir ilin maksimum səviyyəsinə çatıb.
Banker.az xəbər verir ki, Niderland qaz habında hər min kub metr TTF qazın qiyməti 530 dollardan baha olub.
Bu da gün ərzində qiymətin 0.4 faizə yaxın bahalaşması deməkdir. Təbii qazın hər 1000 kub metri bu ilin fevralında 250 dollardan aşağı düşmüşdü.
Qərbi Avropada temperaturun aşağı düşməsi ehtimalı istilik tələbatını artıracaq. Bu isə qaz ehtiyatlarının adət etdiyimizdən daha sürətlə azalması səbəbindən ticarətçiləri narahat edir. Həm də gələn il üçün ehtiyat toplama səylərini çətinləşdirə bilər.
Qaz qiymətləri bu il təxminən 50% artıb və son həftələrdə kəskin şəkildə yüksəlib. Bazar ilin sonunda Moskva ilə Kiyev arasındakı tranzit razılaşmasının müddəti bitəndə Rusiyanın qaz tədarükünü dayandırma ehtimalına hazırlaşır.
Hələlik Ukrayna üzərindən Rusiya qazının ixracı normal şəkildə davam edir.
Avropada qaz anbarları hazırda 85% doludur, keçən ilin eyni dövründə bu göstərici 95% idi. Avropa İttifaqı gələn ilə kifayət qədər hazırlıqlı olmaq üçün ehtiyatları ən azı 50% səviyyəsində saxlamağı hədəfləyərək tələblərini artırıb.
“Avropa qaz qiymətləri üçün risklər yuxarı meyllidir, çünki qışın soyuq başlaması ehtiyatları azalda bilər”, – deyə “Bloomberg Intelligence” analitikləri Patrisiyo Alvarez və Xoas Martins qeyd ediblər. Onların fikrincə, hətta ekstremal hava şəraiti olmadan belə ehtiyatlar mövsümü 39% doluluqla bitirə bilər. Bu, gələn yay dolum kampaniyasını çətinləşdirə və Asiya ilə yanacaq uğrunda rəqabəti gücləndirə bilər.
Avropa Komissiyası bildirib ki, dekabrın sonunda axınlar dayandırılarsa, Aİ Rusiyanın tədarükü olmadan da keçinə bilər. Enerji sözçüsü Anna Kaisa İtkonen bazar ertəsi qeyd edib ki, Aİ üzv dövlətlərə qaz mənbələrini diversifikasiya etməkdə kömək etməyə çalışır. O həmçinin bildirib ki, ABŞ-nin keçən ay Rusiyanın “Gazprombank”ına tətbiq etdiyi sanksiyalardan sonra qaz axınlarında heç bir pozuntu müşahidə olunmur.
Azərbaycan ixracatçısı kimi…
Azərbaycan hazırda ixracının 30 faizini təbii qazın ixracı hesabına formalaşdırdığından bu, ölkə üçün mühüm xəbər sayıla bilər. Belə ki, ölkə təkcə ilin ilk 10 ayında 21.34 mlrd. kub metr təbii qaz ixrac edib və bunun dəyəri 6.848 mlrd. ABŞ dollarıdır. Banker.az-ın hesablamalarına görə, ölkənin təbii qazın hər min kub metr ixracından gəliri 321 dollar olub. Cari qiymətlər ölkənin ixrac etdiyi təbii qazın orta qiymətini 65% üstələmiş olur. Təbii qazdan Avropaya 10.6 milyard kubmetr, Türkiyəyə 8.2 milyard kubmetr, Gürcüstana isə 1.9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4.7 milyard kubmetr qaz nəql olunub.
Bununla belə Azərbaycan həm də Türkmənistandan İran üzərindən təbii qaz alır və cari ildə sabit qiymətlə – hər min kub metrini 159 dollara alıb.
Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tədarükünə başlayıb. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.