UKRAYNA VƏ MOLDOVA Avropa Birliyi üzvlüyünə rəsmi namizəd ölkə statusu aldılar.
Hər iki ölkə, xüsusən böyük bir düşmənlə çətin müharibə şəraitində olan Ukrayna üçün tarixi qərardır.
Aydındır ki, üzvlük yaxın gələcəyin işi deyil, bunun üçün ən azı Kopenhagen və Maastriht kriteriyalarına uyğunlaşmaq lazımdır. Buna isə xeyli vaxt (yəqin ki, azı 10, bəlkə 15 il) lazım olacaq. Lakin 24 fevral 2022-ci ilə qədər bu barədə ümumiyyətlə, söhbət belə yox idi. Ukrayna namizəd statusu bir yana, adicə üzvlük perspektivi almaq üçün mübarizə aparırdı, ona nail olmağa çalışırdı ki, Avropa Birliyi Ukraynanın bütün kriteriyalara uyğunlaşacağı halda, nə vaxtsa təşkilata üzv qəbul ediləcəyini rəsmi qərarla vəd etsin.
Namizəd statusu almaq o mənaya gəlir ki, həmin ölkə rəsmən Avropa ailəsinin bir parçası elan olunur. Qərar hazırkı ağır şəraitdə Ukrayna dövləti və xalqı, o cümlədən cəbhədəki əsgərlər üçün böyük mənəvi dəstək və stimuldur. Bu, o deməkdir ki, 2014-cü ildən – Avromaydandan bəri axan qanlar yerdə qalmadı və qalmır, verilən itkilər hədər getmədi və getmir…
Namizəd ölkə üçün üzvlük prosesi uzana bilər, hətta bəlkə sonda həmin ölkəni qəbul etməyə də bilərlər, amma Kopenhagen və Maastriht kriteriyalarını yerinə yetirmək Avropa Birliyi standartlarında bir dövlətə çevrilmək deməkdir. Bununla bağlı son illərə qədər Türkiyə prezidenti Ərdoğanın tez-tez təkrarladığı yaxşı fikir var idi, o bildirirdi ki, bizi qəbul etmirlər-etməsinlər, Kopenhagen kriteriyalarını “Ankara kriteriyaları” adlandırıb, yolumuza davam edəcəyik, çünki bu, bizim öz xalqımıza lazımdır. (Amma etmədi.) İndi bu kriteriyalar Ukrayna üçün konkret bir yol xəritəsi rolunu oynayacaq və Ukrayna xalqı tələb olunan dəyişiklikləri, modernizasiyanı reallaşdıra bilməyən hökumətin yaxasına yapışacaq, lazım olsa, onları kabinetlərindən bayıra atıb, başqaları ilə əvəzləyəcək.
Qərar işğalçı Rusiya üçün də yaxşı mesajdır. Dörd ay əvvəl Putin rejimi müstəqil, milli Ukrayna dövlətini ortadan qadıraraq onu öz qaranlıq təsir sferasına qaytarmaq niyyəti ilə müharibəyə başladı. (Rusiya üçün Mordor – Zülmət diyarı bənzətməsi çox yerinə düşür.) Lakin dörd ay sonra Brüsseldən rəsmi siqnal aldı ki, Ukrayna Avropa ailəsinə aid olan suveren dövlətdir.
“Mordor”a ən ciddi siqnalı isə Ukrayna xalqı özü verməkdədir: onlar hər cür itkiləri gözə alıb, qaranlıq və “it hürən” tərəfdən işıq gələn tərəfə addımlamaqda qərarlıdır.
Şahin Cəfərli
siyasi-şərhçi