Avropa dövlətləri arasında valyuta birlikləri yaratmaq cəhdləri hətta XIX əsrin sonu, XX əsrin əvvəllərində də edilmişdi. İlk belə valyuta birliyi Avstriya-Almaniya valyuta birliyi idi (1857-1866-cı illər). 1857-ci ildə Avstriya Almaniya gömrük birliyinə daxil olan dövlətlərlə müqavilə imzaladı. Bu müqaviləyə əsasən üç müxtəlif valyuta razılaşdırılmış sabit mübadilə ilə bağlı olmalı idi. 1866-cı ildə Avstriya ilə Prussiya arasında siyasi konflikt müharibə dərəcəsinə çatdı və birlik dağıldı.
1865-ci ildə Fransanın təşəbbüsü ilə Latın valyuta birliyi yaradıldı (1865-1878-ci illər) və bu birliyin tərkibinə Fransa, Belçika, İtaliya və İsveçrə daxil idi. Fransa burada aparıcı rol oynayırdı. Müqavilənin əsas məqsədi eyni formalı sikkələrin zərb edilməsinə nail olmaq idi.
Skandinaviya valyuta birliyi (1875-1917-ci illər) Danimarka, Norveç və İsveçin eyni cinsli sikkələrin zərb edilməsi ilə bağlı müqavilə imzaladıqdan sonra yaradıldı. Bu ölkələrin mərkəzi bankları bir-birilərindən pul qəbul etməyə və onları hər bir bankın dəstəklədiyi cari balansın kreditləşdirilməsi üçün göndərməyə başladılar. Qızılla bağlı əməliyyatlarda qənaət edilməsi və effektiv beynəlxalq klirinq mezanizminin yaradılması sayəsində birlik Birinci Dünya Müharibəsinə qədər mövcudluğunu saxladı. Birinci Dünya Müharibəsi Skandinaviya ölkələrinin iqtisadi və maliyyə sistemini məhv etdi.
Belçika-Lüksemburq iqtisadi birliyi 1921-ci ildə yaradılmışdı. Lüksemburq frankı ilə Belçika frankı eyni dəyərə sahib oldu. İkinci Dünya Müharibəsi zamanı Lüksemburq işğal edilərək alman valyuta zonasının bir hissəsinə çevrildi. Lakin 1944-cü ildə müqaviləyə yenidən baxıldı və yenə hər iki ölkənin funtu eyni dəyərə malik oldu. 1981-ci ildə daha ətraflı bir saziş hazır ki valyuta assosiasiyası çərçivəsində gələcək valyuta əməkdaşlığının strukturunu müəyyən etdi. Belçika banknotları və sikkələri Lüksemburqda rəsmi ödəniş vasitəsi olduğu halda, Lüksemburq banknotları və sikkələri Belçikada rəsmi ödəniş vasitəsi deyil. Buna baxmayaraq Lüksemburq banknotları itkisiz Belçika banknotları ilə mübadilə edilə bilər. Üçüncü ölkələrin valyuta münasibətlərində məzənnə siyasəti qarşılıqlı razılaşma əsasında həyata keçirilir. İqtisadi göstəricilərin bu ölkələr arasında fərqlərin olduğunu göstərsə də ölkələr arasında valyuta birliyi artıq 70 ildir ki, davam edir.
13 mart 1979-cu ildən Avropa Valyuta Sistemi öz funksiyasına başladı və onun tərkibinə 8 ölkə daxil idi: Almaniya, Fransa, Benilüks, İtaliya, İrlandiya, Danimarka. Bu sistemi üç element təşkil edirdi: Avropa pul vahidi, valyuta məzənnələrindəki dəyişikliklər rejimi, valyuta əməkdaşlığının Avropa fondu.
Qərbi Avropada inteqrasiyanı inkişaf etdirməkdə yeni mərhələ – valyuta və iqtisadi birlik proqramının hazırlanması oldu. Bu proqram 1989-cu ilin aprelində C. Delor komitəsi tərəfindən hazırlanmışdı.