Banker.az xəbər verir ki, Avropa Bank federasiyasının məlumatına əsasən, avropalı banklar keçən il ərzində 9 mindən çox bölməsini bağlayıb və 50 min əməkdaşını ixtisar edib. Bunun əsas səbəbi isə rəqəmsal kanallara – mobil və online bankçılığa istehlakçı marağının artmasıdır.
Araşdırmaya görə, geniş filial şəbəkəsinin əhəmiyyəti və vacibliyi endiyindən banklar Avropa üzrə öz fiziki mövcudluğunu azaltmağa davam edirlər.
Belə ki, 2016-cı ildə Aİ-da bank filiallarının sayı 189,2 minə qədər azalıb. Bu bir il əvvəl qeydə alınan göstəricidən 4,6% azdır.
Məsələyə daha geniş zaman çərçivəsində nəzər yetirsək görərik ki, avropalı banklar 2008-ci ildən 48 min filialını bağlayıb. Beləliklə, filialların sayı 20,4% azaldılıb.
Bank personalının sayında da azalma qeydə alınıb. 2015-ci ildə bank əməkdaşlarının sayı 2,85 milyon nəfər olduğu halda, keçən il bu göstərici 2,80 milyon nəfər təşkil edib. 2008-ci ildə isə bank əməkdaşlarının sayı 3,26 milyona çatırdı.