15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Avropanın ən böyük fintex startaplarından birinin yüksəlişi və enişi – Wirecard

faizlere

Almaniyanın Wirecard ödəmə sisteminin yüksəliş və eniş hekayəsi.

Wirecard – Almaniyaya məxsus olan və 20 ildir bazarda fəaliyyət göstərən elektron ödəmə xidmətidir. Wirecard yüz minlərlə satıcıya ödənişlərin emalı xidmətini təklif edir, iş adamlarına ödəniş terminalları və mobil həllər təqdim edir, istehlakçılar üçün virtual kredit kartlar buraxır.

Şirkət Avropa texnologiya sektorunun azsaylı uğur hekayələrindən biri olaraq, 2018-ci ildə Deutsche Bank-dan daha yüksək qiymətləndirilmişdir. Belə ki, 2018-ci ilin ortalarında Wirecard səhmlərinin qiyməti bir ildə 3 dəfə artdı. Həmin dövrdə Wirecard kapitallaşma üzrə alman nəhəngi Deutsche Bank-ı geridə qoydu və maliyyə sisteminin aparıcı oyunçusu Commerzbank-ı Almaniyanın DAX indeksindən çıxartdı.

Səhv nədə oldu və ya fəlakətin xronikası

2019-cu ilin əvvəlində, Financial Times qəzeti Wirecard-ın Asiya biznesində hesabatların saxtalaşdırılmasını və çirkli pulların yuyulmasını ifşa edən üç hissəli məqalə nəşr etdi. Nəşr Wirecard-ın müştərilərlə bağladığı müqavilələri saxtalaşdırdığı və gəlirlərini bilərəkdən şişirdərək törəmə müəssisədən digərinə köçürməsi qənaətinə gəldi. Almaniyada yerləşən baş ofisdəki iki top menecer bu manipulyasiyalar barədə məlumatlı idilər, FT iddia edir. Wirecard-ın daxili araşdırma aparmaq üçün işə götürlən R&T hüquq firması da manipulyasiya əlamətlərini aşkarladı.

Yazılar dərc edildikdən sonra, Wirecard-ın Sinqapurdakı ofisində axtarış aparıldı, bir neçə yerli işçi şübhəli bilindi və bir neçə gün ərzində səhmlər  40%-dan çox düşdü.

Wirecard bütün ittihamları rədd etmək yolunu seçdi. Onlar ittihamları “yalan və mənasız” adlandırdılar və hətta FT qəzetini məhkəməyə verdilər. Wirecard nümayəndələrinin sözlərinə görə, Financial Times qəzeti və investorlar səhmlərin qiymətini aşağı salmaq məqsədilə əvvəlcədən sövdələşiblər.

Almaniyanın BaFin tənzimləyicisi Wirecard-ın tərəfini tutdu və potensial manipulyasiyalar ilə əlaqədar istintaqa başladı. Bundan əlavə, BaFin iki ay müddətində səhmlərin qiymətini məqsədli şəkildə aşağı salmağı qadağan etdi ki, bu da alman fond bazarının tarixində indiyədək görünməmiş bir tədbir idi.

2019-cu ilin mart ayında Wirecard tərəfindən işə götürülən R&T hüquq firması, şirkətin fəaliyyətinə dair hesabatını açıqladı. Hüquqşünaslar Wirecard-ın Sinqapur ofisindəki bəzi işçilərinin qanunu pozduğunu təsdiq etdilər. Nəticədə təqsirləndirilən menecerlər şirkəti tərk etdilər. İlk baxışdan sizə elə gələ bilər ki, bununla da diskussiyalar sona çatdı, səhmlərin qiyməti isə əvvəlki səviyyəyə qayıtdı, lakin…

2019-cu ilin payızında FT yeni araşdırma yaydı. Bu dəfə jurnalistlər daxili sənədləri və Wirecard işçilərinin yazışmalarını dərc etdilər. Materiallar şirkətin bəzi filiallarda satışları və gəlirləri şişirtmək, bununla da EY auditorunu aldatmaq cəhdindən bəhs edirdi.

Wirecard ittihamları rədd etməyə davam etdi və hətta məsələni araşdırmaq üçün KPMG auditorunu işə götürdü.

Və KPMG araşdırdı. Bu ilin aprel ayının sonunda yayımlanan 60 səhifəlik detallı hesabatda Wirecard-ın FT qəzetinin ittihamlarını təkzib etmək üçün kifayət edəcək qədər məlumat toplaya bilmədiyi göstərilirdi.

Şirkətin əsas auditoru (EY) bu hesabata dair rəyini 2019-cu ilin aprel ayından iyunun əvvəlinə, sonra isə daha iki həftəyə təxirə saldı.

Bu gün, demək olar ki, iki il davam edən bu dramatik süjet sona çatıb. 2019-cu ilin maliyyə hesabatını yayımlamaq əvəzinə, auditorlar 1,9 milyard avro pulun mövcudluğunu təsdiq edə bilmədiklərini açıqladılar. Qeyd edək ki, bu məbləğ Wirecard-ın ümumi pul vəsaitinin dörddə bir hissəsidir.

Gün ərzində şirkətin səhmləri 62% ucuzlaşaraq investorları 9 milyard avrodan məhrum etdi.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər