-1 C
Baku
Saturday, December 14, 2024

Avropanın ən gəlirli banklarından biri 10 ildir bu titulu necə qoruya bilir?

İsveçin Handelsbanken bankı (tərcümədə sadəcə “Kommersiya bankı” mənasını verir) özünün sahib olduğu bir sıra nailiyyətləri ilə öyünə bilər. 

Son 43 il ərzində bank öz rəqibləri ilə müqayisədə daha yüksək kapital rentabelliyi həcminə, digər nəhəng Avropa bankları arasında gəlir və xərclərin münasibətində daha az nisbətə və kreditlərdə inanılmaz aşağı səviyyəli itkilərə sahibdir.

Desentralizasiya edilmiş bütün bu işlər (hər bir filial demək olar ki, müstəqil olaraq fəaliyyət göstərir) son nəticədə müştərilərin məmnunluğuna gətirib çıxarır. Verilən məlumatlara görə, bank İsveçdə nəhəng banklar sırasında daimi olaraq lider mövqe tutur və yerli bazarda orta həddən daha yüksək nəticələr göstərir.

Handelsbanken bankı əbəs yerə mütəmadi olaraq Avropanın və dünyanın ən etibarlı banklarının siyahısına daxil olmur. Bundan əlavə, Handelsbanken mövcudluğunun 144 ilində adi bankdan dəyəri 100 milyard avro olaraq ölçülən nəhəng sənaye-maliyyə qrupuna çevrilmişdir.

Bankın belə uğur qazanmasına əsas səbəb nə idi və nəyə görə hazırda Handelsbanken bankının prinsipləri və qaydaları bir çox dünya bankları üçün nümunə hesab edilir?

 Hər şey necə başlayır?!

 1871-ci ildə işgüzar Stokholm mühitində nəhəng qalmaqal baş verir: şəhərin bir neçə nüfuzlu ailəsi İsveçrədə ilk kommersiya bankı olan Stockholms Enskilda Bank və yaxud sadəcə Enskilda Banken bankının sahibi olan Vallenberqlər ailəsi ilə mübahisə edir.

“Üsyankarlardan” bəziləri Vallenberqlərin bankından kapitalını geri götürür və şəxsi kredit təşkilatını – Stockholms Handelsbank (SHB, “Stokholm Kommersiya bankı”) yaratmağa qərar verir. Belə bir rəsmi ada baxmayaraq, biznes mühitdə bu bank uzun müddət frånskilda banken -“boşanmışlar” (ailə münasibətlərində olduğu kimi) adını daşıyır.

XX əsrin əvvəlində SHB kiçik regional bankları alaraq və yeni filiallar açaraq sürətlə böyüyür. Lakin buna baxmayaraq o isveç iqtisadiyyatında əsl sıçrayışı 1932-ci ildə nəhəng sahibkar olan İvar Krugerin özünə qəsd etməsindən sonra edir.

İsveç mühəndis, maliyyəçi və sahibkar XX əsrin əvvəllərində öz sənaye imperiyasını sürətlə inkişaf etdirmək üçün “piramidanı” xatırladan şübhəli maliyyə texnologiyalarından istifadə edirdi. O dünya üzrə kibrit istehsalının 70%-ni ələ keçirə bilmişdi. Bundan başqa, Kruger daşınmaz əmlaklara, banklara, mədənlərə və 10-larla şirkətə sahib idi.

1932-ci ildə İvar Krugerin imperiyası dünya böhranının təzyiqi və “piramidanın” dayanıqlı olmaması səbəbindən dağılır, sahibkar isə özünü güllələyərək intihar edir. Krugerin şirkətlər qrupuna daxil olan sənaye müəssisələri İsveçrənin 3 aparıcı maliyyə qrupları – Vallenberqlər, Stebenklər və SHB bankı tərəfindən ucuz qiymətə alınır.

Bu zaman bankın payına Ericsson telefon şirkətindən səhm payı, SCA-nın idarəsi, həmçinin bir sıra az əhəmiyyətli şirkət düşür. Krugerin imperiyasının dağılması SHB bankın böyük gəlir əldə etməsinə və öz yerini möhkəmlədərək İsveçin aparıcı müəssisəsinə çevrilməsinə səbəb olur.

Handelsbanken bankının əsas prinsipləri – desentralizasiya, xərclərə nəzarət və əməkdaşların gəlirdə iştirak etməsidir.

 İlk baxışdan bu qaydalar çox sadə və bir çoxlarına məlum ideya kimi görünə bilər. Lakin müasir dünyamızda bu prinplərə riayət etmək üçün idarə edici iradə gücü və şirkətin inkişafına strateji baxış lazımdır. Bu strateji baxış isə yaxın 10 ili deyil, qarşıdan gələn rübü əhatə etməlidir.

Desentralizasiya:

Handelsbanken bankının hər bir filialı müştərilərlə demək olar ki, müstəqil bir bank qismində işləyir. Filial müdiri özündən yüksək vəzifəli şəxslərlə məsləhətləşmədən müəyyən məbləğ çərçivəsində müstəqil qərarlar verə bilər.

Eyni zamanda, filial rəhbəri verdiyi qərarlara görə ciddi məsuliyyət daşıyır və hər hansı problem yarandıqda işini itirə bilər.

Buna uyğun olaraq, bank filial üçün əməkdaşlar seçiminə çox ciddi və diqqətlə yanaşır. Çünki səhvlər və yaxud qəsdən edilmiş hərəkətlər banka baha başa gələ bilər. Bundan əlavə, böyük təcrübəyə malik yaxşı personal bank üçün böyük dəyərə sahibdir. Desentralizasiyanın nəticələrindən birinə nümunə olaraq onu qeyd edə bilərik ki, hər filial özü gəlir mənbəyinə çevrilir.

Milyardlarla pul dövriyyəsinə sahib olan bankın cəmi 25 top-meneceri var və onlar əsas olaraq cari məsələləri həll edir, ayda 1 dəfə isə cari vəziyyət ilə bağlı fikir mübadiləsi etmək üçün iclas keçirir.

Xərclərə və risklərə nəzarət:

Handelsbanken xərc və itkilərə inanılmaz ideal yanaşmaya sahibdir. Bankda bütün proseslər optimallaşdırılıb və “büdcə” anlayışı yoxdur. Bütün xərclər “burada və indi”, obyektiv zərurət əsasında yaranan zərurətə uyğun edilir.

Büdcəsiz “keçinməyə” kömək edən cəhətlərdən biri də desentralizasiyadır. Filial rəhbərləri hal-hazırda nə qədər xərcləyəcəklərinə özləri qərar verir. Onlar bütün şəhər və yaxud qəsəbədəki vəziyyəti daha yaxşı bilirlər. Kreditin verilməsi barədə qərar yalnızca onun qaytarılmasına heç bir risk olmadıqda verilir.

Riskləri idarə etməyə kömək edən cəhətlərdən biri də maliyyə təşkilatlarındakı müasir vəziyyətə uyğun olmayan bir üsuldur. Belə ki, bankda bonuslar və satış planları tamamilə qadağan edilib.

Müqavilə imzalanarlən əsas diqqət əməliyyatın həcminə deyil, onun rentabellik və etibarlılığına edilir.

Oktogonen fondu:

Bankın yaradıcısı Vallanderə görə, işçilər üçün ən yaxşı motivasiya rüblük mükafatlar deyil, təqaüdə çıxdığı zaman edilən iri həcmli ödənişlərdir. 1973-cü ildə bankın nəzdində Oktogonen fondu yaradılır. Bank illik rentabellik həcmində rəqiblərindən daha yüksək nəticə nümayiş etdirdikdə bankın gəlirindən həmin fonda vəsait köçürülür. Buraya köçürülən vəsaitlər isə bütün əməkdaşlar arasında bərabər şəkildə bölünür.

Bu şəkildə əldə edilən vəsaitlər bankın və şirkətin öz səhmlərini maliyyələşdirməyə xidmət edir. 2014-cü ilin sonunda Oktogonen sərvətinə görə ikinci ən nəhəng səhm sahibi idi.

Sxem kifayət qədər məntiqidir: maksimum ödəniş əldə etmək üçün təqaüd alana qədər işləmək lazımdır. Bu isə o deməkdir ki, elə işləməlisən ki, səni işdən azad etməsinlər.

60 yaşına çatdıqda bankın yaşlı əməkdaşları ölkənin verdiyi təqaüdə əlavə olaraq 100 min avro əldə edirlər.

 Handelsbanken bankının sahib olduğu bu prinsiplər onun uğurlu və effektiv işini davam etdirməsinə yardım edir. Bu cəhətləri nəzərə alaraq deyə bilərik ki, çətin ki, bankı gələcək illərdə də hər hansı bir təhlükə gözləsin.

Son xəbərlər
Digər xəbərlər