Padua universiteti (Università degli Studi di Padova) Avropa və İtaliyanın ən qədim universitetlərindən biridir və 1222-ci ildə Paduada yaradılmışdır. Universitetin devizi – Universa universis patavina libertas (Paduanın müstəqilli bəşəri və hər kəs üçündür).
Hazırda universitet 65 min tələbə və 13 fakultəyə sahibdir. Bu təhsil müəssisəsinin təqdim etdiyi fakultələr sırasında humanitar elmlər və fəlsəfə, iqtisadiyyat, mühəndislik, hüquq, fizika-riyaziyyat, tibbi cərrahlıq, əczaçılıq, kənd təsərrüfatı, psixologiya, politologiya, statistik və veterinar fakultələri görmək olar. Universitetin rektoru Vinçenso Milanezi-dir.
Universitet rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Boloniya universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən yaradılıb. Orta əsrlərdə Paduada bütün Avropadan gələn tələbələr təhsil alırdı və “milliyətlərə” bölünürdülər. Universitet 1339-cu ildən 1813-cü ilə qədər iki təşkilata – Universitas Artistarum və Universitas Iuristarum-a bölünmüşdü. Universitas Artistarum-da mülkilik, hüquq və ilahiyyat, Universitas Iuristarum-da isə astronomiya, dialektika, fəlsəfə, qrammatika, tibb və natiqliq sənəti tədris edilirdi.
Padua universiteti İntibah dövründə əsas elm (astronomiya, tibb, hüquq) mərkəzlərindən birinə çevrilir. Burada Piko della Mirandola, Nikolay Kuzanski, Kopernik, Pietro Bembo, Torkvato Tasso, Qaliley, Vezaliy kimi dahilər təhsil almış və müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar. 1678-ci ildə dünyada ilk dəfə qadın – Yelena Kornaro Piskopiya fəlsəfə üzrə doktorluq dərəcəsi əldə etmişdir.
XIX-XX əsrlərdə universitetdə desentralizasiya tendensiyaları müşahidə edilmiş və Paduanın sərhədləri kənarda laboratoriya və kampuslar yaradılmışdı. 8 fevral 1848-ci ildə 1848-1849-cu illərin inqilabı zamanı tələbələrin Avstriya hökmranlığına qarşı üsyanı baş verir. Bunun nəticəsi olaraq universitet 1850-ci ilə qədər bağlı qalır. 1995-ci ildə isə universitetə müstəqillik verən yeni nizamnamə qəbul edilir.