“Financial Times”ın sorğusuna qatılan ekspertlər hesab edirlər ki, Avrozona iqtisadiyyatı 2024-cü ildə zəif artımla üzləşəcək.
Proqnoz Avrozonanın ÜDM-nin gələn il 0.6% artacağını göstərir. Bu, Avropa Mərkəzi Bankının (+0.8%) və Beynəlxalq Valyuta Fondunun (+1.2%) proqnozlarından daha aşağıdır.
Sorğuda iştirak edən 48 ekspertin təxminən üçdə ikisi Avrozona iqtisadiyyatının çox güman ki, texniki tənəzzülə uğradığını söyləyib.
Əksər “FT” respondentləri hesab edir ki, Avrozonada iqtisadi fəaliyyətdə azalma dayaz və qısamüddətli olacaq, iqtisadiyyat 2024-cü ilin birinci rübündə böyüməyə qayıdacaq.
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, yüksək faiz dərəcələri, enerji bazarında potensial problemlər və geosiyasi qeyri-sabitlik kimi amillər iqtisadi tənəzzülün daha da dərinləşməsinə səbəb ola bilər.
Bir neçə iqtisadçı gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın və Rusiyanın Ukraynada potensial qələbəsini Avrozona iqtisadiyyatı üçün risk kimi göstərib.
“Amundi Asset Management”in analitiki Mahmud Pradhan bildirib ki, Avrozona üçün ən böyük risk “kiçildici pul siyasətinin uzadılması” və xüsusilə Almaniyada fiskal stimulun azalmasıdır.
Sorğuda iştirak edən ekspertlərin üçdə ikisi Almaniya iqtisadiyyatının 2023-cü ildə kiçilməsindən sonra 2024-cü ildə böyüməyə qayıdacağını gözləyir.
Konsensus proqnozları göstərir ki, Avrozona inflyasiyası iki ildən az müddətdə ECB-nin 2%-lik hədəfinə yaxınlaşacaq.
2024-cü ildə regionda istehlak qiymətlərinin orta artım tempi 2.5%, 2025-ci ildə isə 2.1%-dən az olacaq. Müqayisə üçün: ECB-nin gələn il üçün inflyasiya proqnozu 2.7%, 2025-ci il üçün 2.1% təşkil edir.