Avrozonanın 19 ölkəsində illik inflyasiya bir ay əvvəlki 8.6%-dən iyulda 8.9%-ə yüksələrək tarixi rekordu yeniləyib. 2021-ci ilin iyul ayında illik inflyasiya 2.2% təşkil edib. Avropa İttifaqında istehlak qiymətlərinin illik ifadədə artımı da iyunda 9.6%-dən sonra 9.8%-ə qədər sürətlənib.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Ən yüksək illik inflyasiya Estoniya (23.2%), Latviya (21.3%) və Litvada (20.9%), ən aşağısı isə Fransa və Maltada (6.8%), həmçinin Finlandiyada (8%) qeydə alınıb. Bildirilir ki, inflyasiyaya yüksək enerji qiymətləri (+39,6%), o cümlədən ərzaq, alkoqol və tütün məmulatlarının bahalaşması (+9.8% təşkil edib) təsir göstərib.
İnflyasiyanın hədəf səviyyələrinə qaytarılması üçün iyulun 21-də Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini birdən-birə 50 baza bəndi – 0.5%-ə qədər artırmaq qərarını verib. Tənzimləyici əlavə edib ki, idarə heyətinin növbəti iclaslarında faiz dərəcələrinin daha da normallaşdırılması məqsədəuyğundur.