“Eurostat”ın məlumatlarına əsasən, 19 Avrozona ölkəsində illik inflyasiya avqustda 9.1%-dən sentyabrda rekord 9.9%-ə qədər sürətlənib. Avropa İttifaqında (Aİ) illik inflyasiya avqustdakı 10.1%-ə qarşı ötən ay 10.9% təşkil edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Avqust ayı ilə müqayisədə Aİ-nin altı ölkəsində illik inflyasiya aşağı düşüb, bir ölkədə sabit qalıb, 20 ölkədə isə yüksəlib. Ən yüksək inflyasiya Estoniya (24.1%), Litva (22.5%) və Latviyada (22.0%) olub. Ən aşağı göstəricilər Fransa (6.2%), Malta (7.4%) və Finlandiyada (8.4%) qeydə alınıb.
“Eurostat”ın qiymətləndirməsinə görə, enerji resursları 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 40.7%, ərzaq, alkoqol və tütün 11.8%, xidmətlər 4.3%, qeyri-enerji sənayesi məhsulları isə 55% bahalaşıb.
Avrozonada inflyasiya üzrə əvvəlki rekord avqustda (9,1%) qeydə alınıb. Analitiklər rəqəmin bu ilin sonuna qədər artacağını gözləyirlər. “S&P Global” Avrozonada tənəzzülü proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu qlobal inflyasiyanın 2022-ci ildə 9.5%-ə çatacağını və 2024-cü ilə qədər 4.1%-ə enəcəyini təxmin edir.