Noyabrda Avropa zonasında illik inflyasiya 4.9% təşkil edib. “CNBC”yə görə, bu, 25 il ərzində maksimum göstəricidir.
Banker.az xəbər verir ki, “Bloomberg” bunu vahid valyutanın dövriyyəyə buraxılmasından bəri rekord adlandırır. Xatırladaq ki, avro 1999-cu ildə nağdsız dövriyyəyə buraxılıb, 2002-ci ildə nağd pul kimi istifadə olunmağa başlayıb.
Oktyabrda Avropa zonasında illik ifadədə inflyasiya 4.1% təşkil edib – bu, son 13 ilin maksimumudur.
Avropada qiymət artımının əsas drayveri enerji daşıyıcılarıdır. Bundan əlavə, xidmətlər (oktyabrda 2.1%-ə qarşı 2.7%), sənaye malları (oktyabrda 2%-ə qarşı 2.4%), o cümlədən ərzaq, alkoqol və tütün (oktyabrda 1.9%-ə qarşı 2,2%) bahalaşıb.
Noyabrda inflyasiya liderləri Litva (9.3%), Estoniya (8.4%), Latviya (7.4%) və Belçika (7.1%) olub. Bu ay ən aşağı qiymət artımı Malta (2.3%), Portuqaliya (2.7%), həmçinin Fransa və Finlandiyada (hər biri 3.4%) qeydə alınıb.
Qeyd edək ki, Avrozonaya Belçika, Almaniya, Estoniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Avstriya, Portuqaliya, Sloveniya, Slovakiya və Finlandiya daxildir.