2023-cü ilin yanvar ayında Avrozonada inflyasiya 8.6% təşkil edib. 2022-ci ilin dekabr ayı ilə müqayisədə göstəricilər 0.6 faiz bəndi azalıb. Müqayisə üçün: 2022-ci ilin yanvarında illik inflyasiya 5.1% təşkil edib. Avropa İttifaqı (Aİ) üzrə yanvarda illik inflyasiya dekabr ayı ilə müqayisədə 0.4 faiz bəndi azalaraq 10% olub.
Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.
Avrozonada yanvarda inflyasiya son yeddi ayın ən aşağı həddinə çatıb – 2022-ci ilin iyunundan bəri, “Eurostat”ın məlumatına görə, qiymət artımı ardıcıl üçüncü aydır ki, yavaşlayır. Aİ üzrə ən yüksək inflyasiya Macarıstanda (26.2%), Avrozona üzrə isə ən yüksək inflyasiya Latviyada (21.4%) qeydə alınıb. Ən aşağı göstərici Lüksemburqda (5.8%) və İspaniyada (5.9%) olub.
Avrozonada yanvarda qiymət artımı analitiklərin proqnozlaşdırdığından bir qədər çox olub. Ümumi qiymət artımından fərqli olaraq, ərzaq və yanacağın maya dəyəri nəzərə alınmayan baza inflyasiya yanvarda 5.2%-dən 5.3%-ə qədər sürətlənib.
Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü İzabel Şnabelin “Reuters” agentliyinə istinadla verdiyi məlumata görə, bazarlar inflyasiyanın dayanıqlığını lazımi səviyyədə qiymətləndirə bilər, çünki “geniş dezinflyasiya” hələ başlamamışdır. Onun sözlərinə görə, qiymət artımı daha stabil amillərlə deyil, əsasən ucuz enerji resursları hesabına səngiyir, ona görə də pul siyasətinin sərtləşdirilməsinə son qoyulmasından danışmaq hələ tezdir.
2023-cü ilin yanvar ayında enerji resurslarının dəyəri bir il əvvəllə müqayisədə 18.9% bahalaşıb. Lakin bu, qiymətlərin illik ifadədə 25.5% yüksək olduğu dekabrla müqayisədə xeyli kiçik artımdır.
Avropa İttifaqına 27, Avrozonaya isə 20 dövlət daxildir. 2022-ci ilin sonunda “Financial Times”ın sorğusuna qatılan iqtisadçılar 2023-cü ilin sonuna qədər Avrozona iqtisadiyyatı üçün cüzi resessiya olacağını proqnozlaşdırıblar.