31 C
Baku
Wednesday, July 3, 2024

Avstraliya əcnəbi tələbələr üçün viza rüsumlarını ikiqat artırır

Avstraliya hökuməti bu gün mənzil bazarında gərginlik yaradan rekord səviyyədə miqrasiyanın qarşısını almaq üçün son çarə olaraq əcnəbi tələbələr üçün viza rüsumlarını ikiqat artıracağını açıqlayıb. Bu addım keçən ilin sonundan tələbə vizası qaydalarını sərtləşdirmək istiqamətində görülən bir sıra tədbirlərin davamıdır, çünki 2022-ci ildə COVID-19 məhdudiyyətlərinin yüngülləşdirilməsi illik miqrasiya axınında rekord səviyyədə artıma səbəb olub.

İyulun 1-dən beynəlxalq tələbə vizası üçün rüsum 710 Avstraliya dollarından 1600 Avstraliya dollarına (1068 ABŞ dolları) çatdırılıb.

Avstraliyanın daxili işlər naziri Kler O’Nil deyib: “Bu gün qüvvəyə minən dəyişikliklər beynəlxalq təhsil sistemimizi yenidən qurmağa, daha ədalətli və Avstraliyanın maraqlarına daha çox uyğun olacaq miqrasiya sistemini yaratmağa kömək edəcək”.

Avstraliya Statistika Bürosunun bu ilin martına olan məlumatlarına görə, Avstraliyada xalis miqrasiya səviyyəsi 2023-cü il ərzində 60 faiz artaraq 548,000 nəfərə çatıb.

Rüsumların artması Avstraliyaya tələbə vizası üçün müraciəti ABŞ və Kanada kimi rəqib ölkələrlə müqayisədə daha bahalı edir. Belə ki, həmin ölkələrdə vizanın qiyməti təxminən 110 ABŞ dollarıdır.

Hökumət ikinci və ya sonrakı tələbə vizası olan tələbələrin sayının 30 faizdən çox artaraq 2022-2023-cü illərdə 150 mindən çox olmasından sonra əcnəbi tələbələrə Avstraliyada qalma müddətini daimi olaraq uzatmağa imkan verən viza qaydalarında olan boşluqları da bağladığını bildirib.

Mart ayında ingilis dili tələbləri də sərtləşdirilib və əcnəbi tələbələrin viza alması üçün tələb olunan qənaət büdcəsinin məbləği mayda 19.823 ABŞ dollarına qədər artırılıb.

Avstraliya Universitetləri Birliyinin baş icraçı direktoru Lyuk Şihi bildirib ki, hökumətin təhsil sektoruna davam edən siyasi təzyiqi ölkənin güclü mövqeyini təhlükə altına salacaq O əlavə edib: “Bunun iqtisadiyyatımız və böyük həcmdə beynəlxalq tələbə ödənişlərinə güvənən universitetlərimiz üçün riskləri var”.

Beynəlxalq təhsil Avstraliyanın ən böyük gəlir mənbələrindən biridir və 2022-2023-cü maliyyə ilində ÜDM-ə təxminən 24 milyard dollar töhfə verib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər