“Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan uzunmüddətli dövlət siyasəti var”.
Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, bu fikir Avstraliya Xarici İşlər Nazirliyinin Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımova ünvanladığı cavab məktubunda bildirilib.
Məktubda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Avstraliyanın ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyi və müdaxilə etməyə çalışmadığı qeyd edilib.
“Münaqişə hərbi yolla deyil, tərəflər arasında danışıqlar vasitəsi ilə həll olunmalıdır. Xarici işlər nazirinin 1 oktyabr açıqlamasında “mübahisəli ərazilər”dən bəhs etməsi münaqişənin özünə istinad edir və Avstraliyanın mövqeyində hər hansı dəyişikliyi əks etdirmir”, – deyə məktubda vurğulanıb.
Qeyd edək, oktyabrın 2-də İmaməddin Qasımov Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və ərazi bütövlüyünün tanınması ilə bağlı Avstraliya hökumətinə müraciət edib.