Avstraliyanın 34 səhiyyə təşkilatının hökumətə birgə müraciətində tərkibində şəkər olan içkilər üçün 20 faizlik vergi tətbiq olunması barədə məsələ qaldırılıb. Həmin təşkilatlar birləşərək “Tipping the Scales” – piylənməyə qarşı mübarizə üzrə fəaliyyət planı hazırlayıblar. Plana əsasən, tərkibində şəkər olan içkilərin qiymətinin 20 faiz bahalaşmasına səbəb olacaq bu vergi bu içkilərin istehlakının azalması ilə nəticələnəcək.
Müraciətdə vergilərin şirin içkilərə təsiri ilə bağlı 2016-cı ildə aparılmış araşdırmaların nəticələrinə istinad edilib. Həmin nəticələrə görə, verginin 20 faiz qaldırılması istehlakın 12,6 faiz aşağı düşməsinə səbəb ola bilər. Qeyd edilib ki, şəkərli içkilərin istehlakının azalması piylənmənin kişilər arasında 2,7 faiz, qadınlar arasında isə 1,2 faiz azalmasına, hər il 2-ci tip şəkər xəstəliyinə tutulan adamların sayının isə 800 nəfər azalmasına gətirib çıxara bilər. Müraciət müəllifləri hesab edirlər ki, bu içkilərə tətbiq edilən vergilərdən əldə olunan vəsait piylənmənin qarşısının alınmasına və sağlam həyat tərzinin dəstəklənməsinə xidmət edən təşəbbüslərə yönəldilməlidir.