Avstraliyanın energetika naziri Kris Bouen ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədilə tədarükün məxsusi şaxələndirilmiş zəncirini yaratmağa çağırıb.
Bu barədə nazir Sidney Energetika Forumunda çıxışı zamanı bildirib. Forumda Avstraliyanın böyük mədən şirkətlərinin rəhbərləri ilə yanaşı, ABŞ-ın energetika naziri Cennifer Qrenholm da iştirak edir.
K.Bouen qeyd edib ki, Avstraliya ekoloji cəhətdən təmiz enerji ehtiyatlarının zəncirini formalaşdırmaq üçün artıq özünə güvənməlidir. Ölkədə son 10 ildə quraşdırılan 60 milyon Günəş batareyasından yalnız 1 faizinin Avstraliyada istehsal olunduğunu xatırladan nazir bunun sabit gələcək üçün zəmanət vermədiyini vurğulayıb.
Forumda çıxış edən ABŞ-ın energetika naziri isə bildirib ki, Ukrayna münaqişəsində neft və qazla olduğu kimi, ekoloji təmiz enerjinin hasilatı zamanı geniş istifadə olunan mühüm faydalı qazıntıların tədarükü də silaha çevrilə bilər. Xanım nazir, həmçinin qeyd edib ki, ABŞ və Avstraliyanın tədarükü birlikdə şaxələndirməsi və faydalı qazıntılardan istifadə zamanı sıfır tullantıya nail olmaq hər iki ölkə üçün səmərəli ola bilər. “Bu, həm də hər iki ölkənin təhlükəsizliyini təmin etmiş olar”, – deyə C.Qrenholm bildirib.
Qeyd edək ki, Beynəlxalq Energetika Forumu iyulun 12-13-də Sidneydə keçirilir. Avstraliya hökuməti və Beynəlxalq Energetika Agentliyi tərəfindən təşkil olunan forumda Avstraliya, ABŞ, İndoneziya, Hindistan, Samoa və Yaponiyanın energetika nazirləri, həmçinin “yaşıl enerji” texnologiyalarını dəstəkləyən böyük şirkətlərin rəhbərləri iştirak edirlər.
Forumun gündəliyinə təmiz enerjiyə keçid, Hind-Sakit okean regionunun karbon qazından azad olunması, ekoloji təzim enerji tədarükünün yeni təhlükəsiz qlobal və regional zəncirinin formalaşması şərtləri, bərpa olunan enerji mənbələrinin tətbiqi və qorunan enerji ehtiyatlarının yaradılması, həmçinin maliyyələşdirmə və investisiyalarla bərabər səviyyəli təminat məsələləri daxil edilib.