6 C
Baku
Sunday, December 15, 2024

Avstriya hökuməti Hitlerin doğulduğu evə görə 1,5 milyon avro təzminat ödəməli olacaq

Avstriya hökuməti nasizm ideologiyasının banisi Adolf Hitlerin doğulduğu evin hazırkı sahibinə 1,5 milyon avro məbləğində təzminat ödəməlidi. Mülkiyyəti müsadirə edilən binanın sahibinin Əyalət Məhkəməsinə şikayəti barədə müsbət qərar verilib. “Salzburger Nachrichten” qəzetinin məlumatına görə, Avstriya dövləti ilkin olaraq binanın sahibinə 310 min avro təzminat təklif etsə də, o, bu təkliflə razılaşmayıb və Əyalət Məhkəməsinə şikayət verib. Məhkəmə həm binanın mövcud dəyərini, həm də bina sahibinə dəyən mənəvi zərəri dəyərləndirərək ona 1.508 milyon avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Əgər maliyyə prokurorluğu məhkəmənin qərarından apellyasiya şikayəti verməzsə, o zaman bu qərar yaxın həftələrdə hüquqi qüvvəyə minəcək.

Qeyd edək ki, Avstriya dövləti Hitlerin doğulduğu binanın hazırkı sahibi ilə binanın istifadə təyinatı ilə bağlı uzun müddətdən bəri ortaq məxrəc əldə edə bilmədiyi üçün yeganə çıxış yolunu Braunau am İnn şəhərində yerləşən binanın müsadirəsində görmüşdü. Hətta gələcəkdə sağçıların, nasionalistlərin və Hitler şəxsiyyətinə pərəstiş edənlərin bu binadan kult obyekti kimi istifadəsinin qarşısını almaq üçün binanın sökülməsi də nəzərdə tutulurdu. Sonrakı mərhələdə binanın muzeyə çevrilməsi, indiki və gələcək nəsillərə Adolf Hitler, onun şəxsiyyəti və dövrü, eləcə də bəşəriyyət qarşısında törətdiyi cinayətlərin maarifləndirici şəkildə təqdimatı barədə qərar qəbul edildi.

Konstitusiya Məhkəməsi binanın müsadirəsinin qanunla mümkün olduğunu təsbit etsə də, binanın dəyəri ilə bağlı qərarı Əyalət Məhkəməsinin öhdəsinə buraxmışdı.

Qeyd edək ki, Adolf Hitler 1889-cu il aprelin 20-də Braunau im İnn şəhəri, Salzburqer Vorstadt 15 ünvanında yerləşən XVII əsrə aid Bidermayer üslubunda tikilmiş binada dünyaya gəlib. 1892-ci ildə Almaniyanın Passau şəhərinə köçənədək onun ailəsi bu evdə yaşayıb.

©Azərtac

 

Son xəbərlər
Digər xəbərlər