10 C
Baku
Thursday, December 12, 2024

Avstriyada inflyasiya sentyabr ayında son 70 ildə ən yüksək həddə çatıb

Avstriyada inflyasiya sentyabr ayında son 70 ildə ən yüksək həddə çatıb.

Avstriya Statistika İdarəsinin hesablamasına görə, sentyabr ayında inflyasiyanın səviyyəsi 10.5 faizə çatıb və bununla da ikirəqəmli göstəricilər mərhələsinə keçid alıb. Bu cür yüksək inflyasiya ölkədə son dəfə 1952-ci ildə qeydə alınıb.

Bahalaşmada ən çox pay enerji sektorunun payına düşüb, qida məhsulları və qastronomiya qiymətlərində isə bahalaşmanın tempi aşağı olub. İstehlakçı qiymətləri indeksi isə ötən ilin eyni ayı ilə müqayisədə 11 faiz artıb.

Statistika İdarəsi yekun rəsmi rəqəmləri oktyabrın 19-da elan edəcək, lakin ilkin rəqəmlər ölkədəki müxalifət partiyalarının etirazları ilə qarşılanıb. Yeni Liberallar (NEOS) Partiyasının iqtisadi və sosial məsələlər üzrə sözçüsü Qerald Laker federal hökuməti enerji daşıyıcılarının satışından büdcəyə axan vergilərdən əhaliyə ödənişlər etməməkdə tənqid edib. O bildirib ki, yanacağın qiymətinin yüksək olması dövlətin bu sektor üzrə vergi gəlirlərini də artırır. İlin sonunda maliyyə naziri büdcə gəlirlərinin 100 milyardlıq həddi aşdığını fəxrlə elan edəcək, lakin alıcılıq qabiliyyəti aşağı düşmüş və qarşıdakı soyuq aylarla bağlı bədbin proqnozların məngənəsində olan əhaliyə dövlət dəstəyi göstərilməlidir.

Rəsmi dairələrdən bildirilib ki, inflyasiyanın yüksək olması təkcə Avstriyada müşahidə olunmur və Avrozona üzrə sentyabr ayında rekord göstəricinin elan ediləcəyi gözlənilir. Eyni zamanda qeyd edilib ki, enerji daşıyıcıları və qida məhsulları xaricində inflyasiya 4.8 faiz təşkil edib.

Avrozonada ən yuxarı inflyasiya Baltikyanı ölkələrdə müşahidə olunur. Estoniyada istehlak qiymətləri sentyabrda 24.2 faiz, Litvada 22.5 faiz və Latviyada isə 22.4 faiz artıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər