Avto-icbari sığorta bazarındakı zərərlilik əmsalı “Meqa Sığorta” ASC-dən də yan keçməyib. 2026-cı ilin birinci rübü üzrə açıqladığı maliyyə hesabatına əsasən şirkətin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalıb.
Banker.az xəbər verir ki, Sığorta Şirkəti cari ilin ilk üç ayını 124 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2025-ci ilin birinci rübündəki 1.15 milyon manatlıq göstəricidən təxminən 89.6 faiz azdır. Mənfəətin belə ciddi templə aşağı düşməsi ümumi gəlirlərin azalması fonunda xərclərin artmasıdır.
Hesabat dövründə sığorta şirkətinin ümumi gəlirləri 7.57 milyon manat təşkil edərək illik müqayisədə 5.8 faiz kiçilib. Gəlirlərin azalmasına baxmayaraq, şirkətin ümumi xərcləri ötən ilin eyni rübü ilə müqayisədə 12.3 faiz artaraq 7.42 milyon manata yüksəlib. Xərclər maddəsində ən çox artım 3.07 milyon manat həcmində olan işlərin aparılması xərclərində müşahidə edilib ki, bu da illik müqayisədə 18.2 faizlik yüksəliş deməkdir.
Şirkətin əsas biznes əməliyyatlarında məcmu sığorta haqları 7.18 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji periodudan 4.6 faiz azdır. Bununla bərabər, sığorta ödənişləri və zərərlilik dərəcələrində artım qeydə alınıb. Zərərlilik əmsalı 90.36 faizdən 91.99 faizə qalxıb.
Xüsusi ilə icbari avto-sığorta bazarındakı tendensiya sığorta şirkətinə təsiri hiss olunur. AVİSMİS üzrə zərərlilik əmsalı – hansı ki, biznes portfelində əsas paya (31%) sahibdir – 95.61 faizdən 108 faizə qalxıb. Yeri gəlmişkən icbari avto sığorta üzrə sığorta yığımları 1.12 mln. manat azalma ilə 2.63 mln. manata düşüb. Bu yığım qarşısında onun ödənişləri 2.7 mln. manat olub. Yəni, bu şirkətə nəinki qazandırıb, hətta onun digər biznesdən qazanclarından da cüzi olsa yeyib.
Bu arada Mərkəzi Bank da bu məsələ ilə bağlı bir sıra mühüm dəyişiklər edib. Məsələn, sığorta hadisəsinə görə əmsalları qaldırarkən, sığorta etməyənlər üçün yeni əmsal tətbiq edib ki, bu dəyişikliklərin zərərlilik səviyyəsinin azaldılmasına gətirib çıxara bilər.
“Meqa Sığorta” bu zərərlilik şəraitində avto-icbari sığorta bazarında məmuniyyət baxımından da yaxşı mövqedə deyil. Mərkəzi Bankın son mart reytinqində “qırmızı” zonada dayanır.
İnvestisiya fəaliyyəti üzrə nəticələrə nəzər saldıqda şirkətin bu istiqamətdən əldə etdiyi gəlirlərin də azaldığı görünür. 2026-cı ilin birinci rübündə investisiya gəlirləri 500 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövründəki 592 min manatlıq göstərici ilə müqayisədə 15.5 faiz azdır. Eyni zamanda şirkətin investisiya portfelinin ümumi həcmi 38.75 milyon manata düşüb ki, bu da illik müqayisədə portfelin 12.6 faiz kiçilməsi deməkdir.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən “BE&G” sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə, 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.






