Azərbaycanda 2024-cü ildə avtobusla sərnişin daşıyan şirkətlərin gəlirləri rekord həddə çataraq gəlirlər 959,3 mln manat, xərclər 408,2 mln manat olub.
Banker.az xəbər verir ki, bu da onların ildə 551,1 mln manat ümumi mənfəət etməsi deməkdir. Söhbət burada xalis mənfəətdən deyil, ümumi gəlir və xərclər arasındakı fərqdən gedir. Vergi, investisiya və digər xərc və gəlirlər hesablandıqdan sonra xalis mənfəəti hesablanır.
2023-cü ildə avtobus gəlirləri 870,7 mln manat, xərclər isə 338,9 mln manat olub. Bu dövrdə mənfəət 531,7 mln manat olması deməkdir.
Son beş ildə gəlirlər 2,3 dəfə, xərclər isə 2,1 dəfə artıb. Bu, gəlirlərin xərclərdən daha sürətlə yüksəldiyini göstərir. 2020-ci ildə zərərlilik nisbəti 48 faiz olduğu halda, 2024-cü ildə bu rəqəm 43 faizə düşüb. Beləliklə, bu avtobus daşımalarının rentabellik səviyyəsinin yüksəldiyini göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sərnişin daşınmasında da davamlı artım müşahidə olunub – 2020-ci ildə 1 mlrd. 055 mln nəfər daşındığı halda, 2024-cü ildə bu göstərici 1 mlrd. 755 mln nəfərə çatıb ki, bu da 5 ildə təxminən 66% artım deməkdir.