6 C
Baku
Tuesday, December 24, 2024

Avtomobil hansı hallarda cərimə meydançasına aparıla bilər?

“Sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də avtomobilin mühafizə olunan duracağa, yəni cərimə meydançasına aparılmasıdır”.

Bunu vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən DYP əməkdaşı yanız aşağıdakı hallarda avtomobili cərimə meydançasına apara bilər:

– Şəxsin nəqliyyat vasitəsini idarəetmə hüququ və nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda;

– Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları olmadıqda və ya saxta qeyri-standart dövlət nişanları ilə idarə edildikdə;

– Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi şəhadətnaməyə uyğun gəlmədikdə;

– Nəqliyyat vasitəsi alkoqol, narkotik vasitə və psixotrop maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə əsas verən şəxs tərəfindən idarə olunduqda; (Lakin onunla birlikdə gedən şəxsin nəqiyyat vasitəsini idarə etmək hüququ varsa, bu nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilə bilməz)

– Nəqliyyat vasitəsində xüsusi normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda;

– Xüsusi çoxavazlı səs və sayrışan işıq cihazları ilə təchiz edildikdə; (Lakin bu pozuntuları yerində aradan qaldırmaq mümkündürsə, maşın cərimə meydançasına aparıla bilməz)

– Məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının varsa, inzibati cərimə barədə qərar 2 ay müddətində icraat edilmədikdə; (Bu halda isə sizin cəriməni yerindəcə ödəməyiniz maşının cərimə meydançasına getməsinin qarşısını alacaq)

– Yüklənən iri qabaritli və ağır çəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında qanunvericiliyə zidd şəkildə hərəkət etdikdə.

Vəkil deyib ki, bundan əlavə, maşının cərimə meydançasına aparılması ilə bağlı bəzi istisnalar var.

Məsələn, dayanma və durma qaydalarını pozmusunuzsa, maşın müvəqqəti olaraq cərimə meydançasına aparıla bilər. Bu o halda baş verə bilər ki, siz maşının yanında deyilsiniz. Bundan başqa, ağır yol-nəqliyyat hadisəsi törədərək cinayət və ya inzibati prosessual qaydada tutulmusunuzsa, bu zaman da avtomobil cərimə meydançasına yerləşdirilə bilər. Bu, maşının yolda, küçədə atılıb qalmaması üçün edilən bir addımdır”, – deyə o qeyd edib.

“Təcrübədə rast gəlinən daha bir yanlışlıq şəxsin ünvanında problem olduğu hallarda elektron protokolun və ona əlavələrin təqdim edilməsi məqsədilə avtomobilin duracağa yerləşdirilməsidir. Yəni elektron protokolun və ona əlavələrin şəxsə verilməsi məqsədilə sürücü yolda saxlanılır. Kağız daşıyıcıda çap etdirildikdən sonra vətəndaşa təqdim olunur və daha sonra nəqliyyat vasitəsi dərhal buraxılmalıdır. Saxlanılmış nəqliyyat vasitəsi ilə bağlı müvafiq qeydlər aparıldıqdan sonra nəqliyyat vasitəsi dərhal buraxılmalıdır. Hətta DYP əməkdaşında çap aparatı yoxdursa, bu əsasla da şəxsin avtomobilinin dayandırılması və duracağa aparılması tamamilə qanunsuzdur. Beləliklə, DYP əməkdaşı heç bir əsas göstərmədən nəqliyyat vasitəsini cərimə meydançasına apara bilməz.

Yol Patrul Xidməti haqda təlimata əsasən, nəqliyyat vasitəsinin saxlanma səbəbinin aradan qaldırılması ilə bağlı lazımi sənədlər polisə təqdim edildikdən sonra və maşının duracaqda qalmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Nəqliyyat vasitələrinin duracaqda buraxılması üçün başqa hər hansı bir xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmamasından dolayı maddi ziyan vurulubsa, vətəndaş inzibati qaydada və ya məhkəməyə müraicət edə bilər”, – deyə T.Abdullazadə əlavə edib.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər