9 C
Baku
Thursday, December 12, 2024

Avtomobil istehsal edən məşhur şirkətlərin ən böyük uğursuzluqları

20 aprel tarixində yapon Mitsubishi Motors şirkətinin saytında testlərin saxtalaşdırılmasının etiraf edilməsindən sonra şirkətin səhmləri 3 dəfə ucuzlaşmışdı. Həmin şirkətin qiymətli kağızlarından imtina edən nəhəng kütlənin təzyiqi altında birja hərracı dayandırmışdı. Nəticədə şirkət özünün 12 illik antirekordunu qıraraq 2 gün ərzində bazar dəyərinin demək olar ki, milyarddan çoxunu itirdi

Ən əhəmiyyətli olan fakt odur ki, Mitsubishi yanacaq effektliyi göstəricisi ilə bağlı fırıldaqçılıq edərkən ifşa olunan ilk yapon istehsalçı idi.

Aşağıda digər nəhəng avtomobil istehsalçı şirkətlərinin necə ifşa olunduqları ilə tanış olaq:

Mitsubishi: kiçik avtomobil, böyük qalmaqal

Əgər “dieselgate” olmasa idi, Mitsubishi şirkətinin fırıldağı bu qədər əks-səda doğurmayacaqdı. Burada söhbət Yaponiya sərhədlərindən kənarda demək olar ki, tanınmayan avtomobillərdən gedir. Qalmaqalda adı çəkilən eK Wagon, Space,  Dayz və Dayz Roox milli qanunvericilik tərəfindən qoyulan ciddi tələblər əsasında yaradılan xüsusi sinfə daxildir. Bu avtomobillər yaradılarkən hər bir detal əvvəlcədən razılaşdırılmış şəkildə təlimat olaraq təqdim edilir.

Məsələ ondadır ki, Yaponiyada adi avtomobil əldə edən şəxs onu park edəcəyi yerin haqqını da ödəyərək əldə edir. Bu “yüngül avtomobilləri” əldə edən şəxslər isə “yer haqqı” ödəmək öhdəliyindən azad edilir. Bu avtomobillər əsas olaraq daxili bazar üçün nəzərdə tutulur.

2011-ci ildə Mitsubishi bu yüngül avtomobillər üçün Nissan Motor ilə birgə ortaq NMKV müəssisəsini yaradır. Mitsubishi şirkətinin testlərinin Nəqliyyat nazirliyinin standartlarına uyğun gəlmədiyi haqqında həyəcan təbilini məhz Nissan şirkəti çalmışdı. Daxili araşdırmalar testin nəticələrinə tam əks olan göstəricilər əldə edir ki, bu da 600 min avtomobil üçün keçərli idi.

Hər iki şirkət bu modellərin buraxılması və satılmasının dayandırılması ilə bağlı ortaq qərar qəbul etdi. Lakin bu hələ son deyildi. Belə ki, Mitsubishi şirkətinin Tokioda yerləşən baş qərargahında və Naqoyada yerləşən araşdırma mərkəzində ixrac edilən avtomobillərdə də eyni qüsurların olub-olmaması ilə bağlı axtarışlar aparılmışdı. Bu fakt təsdiqləndiyi halda şirkəti milyardlarla məhkəmə iddiaları və təbii ki, nüfuzun ömürlük sarsılması gözləyir.

Volkswagen: əsrin fırıldağı

Qalmaqal 18 sentyabr 2015-ci ildə baş qaldırdı. ABŞ-ın ətraf mühitin qorunması agentliyi 2.0 TDI mühərrikinə sahib Audi və Volkswagen dizel avtomobillərində zəhərliliklə bağlı araşdırma aparır. Belə məlum olur ki, bu avtomobillərin ətraf mühitə buraxdıqları karbon qazı normadan 40 dəfə çoxdur. Bu avtomobillər isə 2009-cu ildən Amerika bazarlarında dövr edir və satılan avtomobillərin sayı 11 milyondan çox idi.

Fırıldağın üstü açıldıqdan sonra şirkətin rəhbəri Martin Vinterkorn və Amerika filialının rəhbəri Mark Horn istefa verməli oldu. Təzminatın həcmi isə 18 milyard dollar təşkil edir.

Bununla belə, Fransa, Almaniya və ABŞ-da araşdırmalar davam edir.

General Motors: əsas açar

Amerikalı istehsalçılar da günahsız deyildirlər. Belə ki, General Motors (GM) Chevrolet Cobalt modelində mövcud olan qüsurun ölümcül qəzaya səbəb olmadığını bilərək susurdu. Lakin bu özünə arxayınlıq özünü doğrultmur və 2014-cü ildə 2004-2010-cu illərdə buraxılan modellərdəki qüsur 42 sürücünün ölümü, 58 nəfərin isə yaralanması ilə nəticələnir.

Belə məlum olur ki, hərəkət zamanı açar öz yuvasından çıxa bilər, bu isə mühərrikin qəfil olaraq dayanmasına və bütün köməkçi sistemlərin sönməsinə gətirib çıxarır. Toqquşma zamanı isə təhlükəsizlik yastığı açılmırdı. Buraxılan belə qüsurlu avtomobillərin sayı isə təqribən 3 milyon idi.

Şirkət nəinki bu qüsuru aradan qaldırmır, hətta onu aşkar edən işçiləri işdən azad edirdi. General Motors şirkətinin keçmiş meneceri 2004-cü ildə şirkəti məhkəməyə versə də, uduzmuşdu.

Hadisə qurbanlarına ödənilən təzminat 400 milyon dollar dəyərində idi, 35 milyon dollar isə məhkəmənin qərarı ilə Nəqliyyatın təhlükəsizlyi üzrə milli administrasiyasına ödənməli idi. GM şirkəti 2014-cü ildə şirkətin qüsurlu avtomobillərindən fiziki və yaxud mənəvi zərər çəkmiş insanlara yardım məqsədilən maliyyə fondu yaratmışdı.

Toyota: arzu özü idarə edir

2009-cu ildə kütləvi informasiya vasitələrində 911-ə edilən qəribə zəng haqqında məlumatlar yayılır: 911-ə zəng vuran sürücü şossedə hərəkət edən avtomobilini saxlaya bilmədiyini deyirdi. Xilasedicilər ondan özünü itirməməsini və dua etməsini xahiş edirlər. Bu axmaq zarafata oxşasa da, real olaraq baş vermişdi. Qəza nəticəsində 4 nəfərdən ibarət amerikalı bir ailə həlak olmuşdu.

Bu qəza şirkət tarixində Toyota və Lexus avtomobillərinin ən geniş miyqaslı geri çağırılması olur. 2009-cu ildə 4,2 milyon avtomobil servis mərkəzlərinə göndərilir. Bu avtomobillərdəki əsas qüsur isə avtomobilin içərisindəki belə desək xalçanın əyləci blok etməsində idi. Bir il sonra isə daha 2,3 milyon avtomobil geri çağırılır. Ümumilikdə isə bütün dünya üzrə təqribən 9 milyon avtomobil geri çağırılmışdı.

Verilən məlumatlara görə, Toyota şirkəti sözügedən qüsur haqqında hələ 2006-cı ildən xəbərdar idi. Lakin şirkət vəziyyəti düzəltməklə bağlı heç bir tədbir görməmişdi. Qüsurlar 50 insanın ölümünə səbəb olmuşdu. 2010-cu ildə ABŞ Maliyyə nazirliyi Toyota şirkətini 16,4 milyon dollar həcmində cərimə etmişdi.

Takata: təhlükəsizlik yastığı qəzadan daha təhlükəlidir

Yaranmış qüsur haqqında susmağa görə ən böyük rekord Yaponiyanın təhlükəsizlik yastığı istehsal edən Takata Corp şirkətinə məxsusdur. Onun istehsal etdiyi yastıqlardan  BMW, Chrysler, Ford, Mazda, Subaru, Mitsubishi, Nissan, Honda və Toyota avtomobillərində istifadə olunub.

 

2014-cü ildə məhz təhlükəsizlik yastığı səbəbindən baş verən qəzalar sübut edildikdən sonra ABŞ Federal prokurorluğu Takata şirkətinə qarşı araşdırma elan edir. Bu yastıqlar qəza zamanı ya açılmır, ya sürücünün üzünə metal qırıqları çırpacaq şəkildə partlayırdılar. İlk belə hal 2004-cü ildə qeydə alınmışdı.

Takata daxili araşdırma elan edir və belə məlum olur ki, qüsurun səbəbi yastıqların açılmasında istifadə edilən nitrat ammoniumdadır. Bu maddə isə qeyri-sabit və nəmişliyə qarşı həssasdır. Mühəndislər qüsurları aşkar edib onları düzəltməyi məsləhət gördükdə onlara bütün məlumatları məhv etmək və susmaq əmri verilir.

Nəticədə şirkət potensial təhlükəli 285 milyon təhlükəsizlik yastığı istehsal etmişdi. Dünyz üzrə bu yastıqlardan əziyyət çəkənlərin sayı dəqiq olaraq məlum deyil. 2015-ci ilin noyabr ayında Takata 70 milyon dollar həcmində cərimə olunur.

 

Son xəbərlər
Digər xəbərlər