ABŞ-nin ən böyük üç avtomobil istehsalçısı olan “General Motors”, “Ford” və “Stellantis” (“Detroytun böyük üçlüyü”) İranda müharibə səbəbindən 5 milyard dollar həcmində “xammal şoku” barədə xəbərdarlıq ediblər. Bu barədə 2026-cı ilin birinci rübünün nəticələrinə dair hesabatlara istinadən “Financial Times” yazır.
Avtomobil istehsalçıları bildiriblər ki, İrandakı müharibə və təchizat zəncirlərinin pozulması fonunda alüminiumdan plastik və boyalara qədər müxtəlif materialların qiymətində ciddi artım müşahidə olunur. Bu şəraitdə şirkətlərin potensial maliyyə itkiləri 5 milyard dollara çata bilər.
“General Motors”un baş direktoru Mari Barra bildirib ki, şirkət neft və xammalın bahalaşmasını kompensasiya etmək üçün xərcləri azaltmağa başlayıb. Şirkətin məlumatına görə, xammal inflyasiyası 2026-cı ildə əməliyyat mənfəətini 2 milyarda qədər azalda bilər (əvvəlki proqnoz 1,5 milyard dollar idi).
“Ford” xərclərin 2 milyarda qədər artacağını açıqlayıb ki, bu da ötən illə müqayisədə 1 milyard dollar çoxdur. “Stellantis” (“Fiat”, “Peugeot” və “Chrysler” markalarının istehsalçısı) isə xammalın bahalaşmasının təsirini bu il üçün təxminən 1 milyard avro (1,2 milyard dollar) qiymətləndirir.
Analitiklər hesab edirlər ki, aşağı marja şəraitində avtomobil istehsalçıları münaqişə altı aydan çox davam edərsə, endirimləri azaltmağa və avtomobil qiymətlərini artırmağa məcbur qala bilərlər. “Financial Times” qeyd edir ki, əlavə 5 milyard dollar xərc ABŞ tariflərinin artımı səbəbindən gözlənilən 6 milyard dollar zərərlə müqayisə oluna bilər.
Qəzet vurğulayır ki, şirkətlər müharibənin əvvəlində sabit qiymətli müqavilələr sayəsində xammal bahalaşmasından müəyyən qədər qorunub. Lakin münaqişə uzandıqca, təchizatçılar müqavilə şərtlərinin yenidən nəzərdən keçirilməsini tələb edəcək.
Avtomobil sənayesi üçün ən ağrılı amillərdən biri alüminiumun bahalaşması olub — qiymətlər 16% artıb. “AlixPartners”in tərəfdaşı Gerrit Ripmayer hesablayıb ki, bu metalın qiymətinin artması avtomobil istehsalının maya dəyərini 500–1500 dollar artırır.
“Ford”un baş direktoru Şerri Hous bildirib ki, hətta müharibədən əvvəl də sektorda qlobal çatışmazlıq var idi. Şirkət tədarükçüsü “Novelis” zavodunda baş verən iki yanğın səbəbindən “F” seriyalı pikapların istehsalında problemlərlə üzləşib və nəticədə alüminiumu xaricdən almağa məcbur olub. Bu, 50%-lik rüsumlar daxil olmaqla, şirkətə 1 milyard dollar əlavə xərclə başa gəlib.
Neft və qazın bahalaşması, həmçinin plastik istehsalında istifadə olunan naftanın çatışmazlığı da avtomobil komponentlərinin istehsalına mənfi təsir edəcək. “Mercedes-Benz”in maliyyə direktoru Harald Uilhelm bildirib ki, ilin qalan hissəsində xammal xərclərinin daha da artacağı gözlənilir.
“Boston Consulting Group”un tərəfdaşı Albert Vaas əlavə edib ki, istehsalçılar xərcləri nə vaxt istehlakçılara ötürmək məsələsini həll etməlidirlər. Onun sözlərinə görə, müştərilər pandemiyadan sonra artıq avtomobil qiymətlərinin artması ilə üzləşiblər və bu, qiymətlərin daha da artırılmasını çətinləşdirir.
Aprelin ortalarında alüminiumun dünya qiymətləri son dörd ilin maksimumuna — tonuna görə 3630 dollara çatıb. Buna səbəb Fars körfəzi ölkələrindən ixracın məhdudlaşdırılması və İranın zərbələri nəticəsində bəzi müəssisələrdə istehsalın qismən dayanması olub. “CRU Group” ekspertləri metalın qiymətinin 4000 dollar/ton səviyyəsinə qədər yüksələ biləcəyini proqnozlaşdırır ki, bu da 2022-ci ilin fevralında qeydə alınmış 3849 dollar rekordunu üstələyir.






